Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu.

Bu gün Azərbaycan Sosial Rifah Partiyasının (ASRP)  IX Qurultayı keçirilib. Onlayn videokonferans şəklində keçirilən Qurultayda  Partiyanın birinci müavini  Əsli Kazımova  hesabat xarakterli çıxış edərək,  partiyanın ölkədəki ictimai-siyasi həyatındakı rolundan danışıb.

 Çıxışına başlamazdan öncə Əsli Kazımova cəbhə bölgəsində Ermənistan təxribatı zamanı həlak olan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyərək, Şəhid analarına və atalarına öz dərin kədərini və hörmətini çatdırıb. Əsli Kazımova Azərbaycan xalqına çağırış edərək, bu ağır məqamda həmrəy olmağa səsləyib.

Daha sonra Əsli Kazımova  ölkədə aparılan köklü islahatlardan bəhs edərək, Cənab Prezidentin tövsiyyəsi ilə xüsusi olaraq, “Siyasi partiyalar” qanunvericilik hakimiyyəti ilə əlaqədar yeni şöbənin yaradılmasının birmənalı olaraq, köklü kadr və siyasi islahatların  məntiqi davamı hesab etdiyini bildirib.  Əsli Kazımova eyni zamanda   Prezident Administrasiyasının yeni yaradılmış Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş üzrə şöbəsinin rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən 50 yə yaxın partiya rəhbəri ilə görüşlərin  keçirilməsinin,  birmənalı olaraq  iqtidarın müxalif partiyalarla demokratikləşmə yolunda dialoqların həyata keçirilməsinin ölkədə siyasi sabitliyin qorunması adına böyük tövhə verəcəyindən bəhs edib.

Sonra qurultayda online iştirak edən  qonaqlar çıxış ediblər. Qurultayda partiyanın sədri, müavinləri, Ali Məclisi, Mərkəzi Nəzarət və Təftiş Komissiyasının tərkibi seçilib.

I, II, III, IV və V çağırış millət vəkili  olmuş, UNEC professoru Xanhüseyn Kazımlı çıxış edərək, Partiyanın bu günə qədər gördüyü işlərdən, əldə etdiyi uğurlardan bəhs edərək, estafeti gənclərə həvalə etdiyini qeyd edib. 

Əsli Kazımova   onlayn  açıq səsvermə yolu ilə partiyanın sədri seçilib. ASRP-nın qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərinə dair çıxış edən Əsli Kazımova COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri proqramı çərçivəsində Cənab İlham Əliyevin ölkədə sabitliyin qorunması və təhlükəsizliyi adına verdiyi bütün qərarların Azərbaycan Sosial Rifah Partiyası tərəfindən dəstəkləndiyini vurğulayıb.

Sonra qurultayda 2020-ci ilin 9 fevral tarixində   Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin  nəticələrinə MSK tərəfindən ədalətli qərarların verilməsindən bəhs edilərək, Cənab Prezident İlham Əliyevin ölkədə demokratik əsaslara dayanan islahatların keçirilməsini ASRP-nin yüksək qiymətləndirdiyini bildirib.

Daha sonra Qurultay COVİD-19 pandemiyasına qarşı ölkədə dövlət tərəfindən aparılan mübarizə proqramının partiyamız tərəfindən bundan sonra da, dəstəklənməsi haqda təklif irəli sürülüb. Partiyanın yeni sədrinin irəli sürdüyü bu təklif  səsvermə nəticəsində qurultay tərəfindən qəbul olunub.

Qeyd edək ki, Əsli Kazımova  Azərbaycan Sosial Rifah Partiyasının sədri olmaqla, Azərbaycanda fəaliyyət göstərən partiyalar arasında ilk qadın  sədrdir.

Xatırladaq ki, dünyada vüsət edən pandemiya və ölkədəki vəziyyətlə bağlı geniş tərkibli müzakirələrin aparılması məqsədi  onlayn telekonferans şəklində partiya qurultayının keçirilməsi fikri ilk olaraq, ASRP sədri Əsli Kazımova  tərəfindən irəli sürülmüşür.

XALQ.AZ