“Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”

“Ermənistan hər vəchlə sülh danışıqlarını pozmağa və işğal siyasətini möhkəmləndirməyə çalışır. İstər Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında yeni yolun çəkilişi olsun, istərsə Paşinyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, istərsə də bu günlərdə Ermənistanın Xarici İşlər nazirinin Xankəndinə reallaşan səfəri olsun. Ermənistan bu təxribatçı hərəkətləri ilə onsuz da kövrək olan danışıqlar prosesini zərbə altında qoyur”. 

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Ülvi Quliyev Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın Xankəndinə səfərini şərh edərkən deyib. 

Millət vəkili bildirib ki, Azərbaycan Ermənistanın bütün bu təxribatçı hərkətlərinə  baxmayaraq münaqişənin  danışıqlar  yolu ilə həllinin tərəfdarı olsa da,  İrəvan danışıqlar prosesini pozmağa, bölgədə  gərginlik yaratmaq istiqamətində davamlı  təxribatçı fəaliyyətini davam etdirməkdədir: 

“Ermənistan XİN başçısının  Xankənidə səfəri və orada separatçı rejimin rəhbərləri ilə görüşməsi bu qəbildən olan hərəkətdir. Bu bir daha sübut edir ki,  Ermənistan substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətinin olmadığını və danışıqlar prosesini pozmağa çalışır”. 

Millət vəkili əlavə edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoymaq və danışıqlar prosesində konstruktiv mövqe sərgiləməsi üçün beynəlxalq aləmin, xüsusən də münaqişənin həllində  vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa  İrəvana təcili təzyiq edərək, bu təxribatçı hərəkətlərdən geri çəkilməsinə məcbur etməlidir:

 “Əks təqdirdə, Azərbaycanın səbrinin də bir həddi var.  Artıq səbr kasası daşmaqdadır. Əgər Ermənistana  işğalçılıq siyasətindən əl çəkib, bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması istiqamətində real addımlar atmağa vadar edilməyəcəyi təqdirdə,  müharibə alovlana bilər və bu qaçılmazdır. O zaman  bütün məsuliyyət Ermənistanın və ATƏT MQ həmsədrlərinin üzərinə düşəcək.  Çünki Azərbaycan  torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq.  Nə qədər gec deyil, beynəlxalq birlik bu istqamətdə təcili təsirli tədbirlər görməli,  öz sərt mövqeyini ortaya qoymalıdır. Yoxsa, gec olacaq. Azərbaycan Ordusu öz sözünü deməyə başlayanda Ermənistanın yalvarışları və haray-həşiri nəticə verməyəcək”.