Azərbaycan və San Marino arasında Memorandum imzalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ xəbər verir ki, XİN-dən  verilən məlumata görə, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər Azərbaycan və San Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edərək, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. E. Məmmədyarov ölkənin “Expo-2025″ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.

Nazir həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş danışaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə San Marino Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

 

Elgün