Azərbaycan və Serbiya prezidentləri geniş tərkibdə görüşdülər

İlham Əliyev: “Serbiya bizim üçün dost ölkədir”

“Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq. Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var”.

XALQ.AZ xəbər verİr ki, bunu Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşündə dövlət başçısı İlham Əliyev deyib.

“Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır.

Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək.

Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zaman əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”, – İlham Əliyev əlavə edib.


Azərbaycan-Serbiya arasında sənədlər imzalandı

Bu gün geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyə Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzalayıblar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Serbiya Respublikasının səhiyyə naziri Zlatibor Lonçar imzalayıblar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Serbiya Respublikasının ədliyyə naziri Nela Kuburoviç imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.


Bu gün təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış ediblər.

 

Orxan


Comments are closed.