Azərbaycana 41 təcili tibbi yardım maşını gətirilib

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və 2 ədəd Ambulans-Perinatal gətirilib.


Agentlikdən XALQ.AZ-a verilən məlumata görə, Ambulans-Perinatal tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirəcək:


“Bu avtomobillər yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıqlar və küvez aparatları ilə təchiz ediliblər. Qeyd edək ki, respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir.

39 ədəd təcili tibbi yardım avtomobilinin salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, ambulanslar kardiomonitor, 3 növ xərək, vakuum şinalar, salondakı hərarəti tənzimləmək üçün klimat-kontrol, işıqlanma sistemi (evimə qədər ötür) və s. xüsusiyyətlərlə təchiz edilib”.

Rəsmi məlumata görə, avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir:

“Bu da onlara tıxac və ya dar olan küçələrdə sərbəst manevr etməyə imkan verir. Həmçinin, avtomobillər daha az yanacaq sərf edirlər. “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobilləri Türkiyə Respublikasında istehsal olunub.

Qeyd edək ki, təcili tibbi yardım avtomobilləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (15 ədəd), Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (10 ədəd) və Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasına (7 ədəd) təhvil verilib.

Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub”.