Azərbaycana gələn turistlərin sayı açıqlandı

2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə, 153 min nəfər və ya 6 faiz artaraq, 2,8 milyona çatıb.

XALQ.AZ xəbər verir ki,  bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin ilk iki ayı ərzində isə 364 min nəfər xarici ziyarətçi ölkəmizə gəlib:

“Turistlərin sayının ildən-ilə artırılması ilə yanaşı, turist məmnunluğunun artırılması da əsas məqsədlərimiz sırasındadır. Bu məsələdə turizm sənayesinin üzərinə də böyük vəzifələr düşür.

Biz də öz növbəmizdə yeni infrastrukturların yaradılması, mövcud olanların inkişaf etdirilməsi, yeni turizm məhsullarının hazırlanması, təhsilli kadrların yetişdirilməsi, həmçinin, həlli zəruri olan məsələlərin həllində dəstək göstərməyə hazırıq”.

Fuad Nağıyev qeyd edib ki, bütün problemlər ən optimal yolla turizm sənayesinin bütün iştirakçılarını prosesə cəlb etməklə həll edilməlidir:

“Dövlət Turizm Agentliyi olaraq ölkə turizminə müsbət təsir edəcək bütün inkişafyönümlü tədbirləri dəstəkləyirik. “AİTF” sərgisi də bu baxımdan istisna deyil”.

 

Orxan