Azərbaycanda əhalinin təxminən 60 faizi koronavirusa yoluxub – AÇIQLAMA

“Əhalinin 60 faizi koronavirusa yoluxmuş durumdadır. Biz hər gün virusa yoluxmuş xəstə görürük. Hər gün ayrı-ayrı klinikalarda koronavirusa yoluxmuş ən azı 10-15 xəstə tapılır, təcili yardım maşınları ilə testi müsbət çıxan insanlar gətirilir. Yəni, vəziyyət çox pisdir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib.  Adil Qeybulla ölkədə karantin rejiminin yenidən sərtləşdirilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Karantin rejimi yumşaldıqdan sonra 10 minlərlə adam küçəyə çıxdı, sosial məsafəni, karantin qaydalarını gözləmədilər və nəticədə virus şiddətlə yayıldı.  İnsanlara dəfələrlə xəbərdarlıq edirik ki, 3 qaydanı gözləməlidirlər. Onlardan birincisi sosial məsafə, ikincisi maska, üçüncüsü isə gigiyena, əllərin yuyulmasıdır.  Bu məsələdə insan insandan qorunur. Hər kəs özünü qorusa, bu yetərli olar”.

Adil Qeybulla maskanın nə üçün taxılmalı olduğunu bu cür izah edib:  “Maskanı ona görə taxmalıyıq ki, öskürəndə, asqıranda başqasına virus keçməsin. Hər halda maska bu problemi bir qədər uzaqlaşdırır.  Əllərimizi də tez-tez yumalıyıq, çünki gün ərzində müxtəlif yerlərdə olur, ictimai nəqliyyatdan istifadə edirik və sairə.

Bir sözlə, qaydalara hər kəs düzgün əməl edərsək, virusdan uzaq olarıq. Lakin nə görürük? İnsanlar parklara axışır, sosial məsafə gözləmir, maska taxmırlar. Yaxud da bəziləri maskanı cibində, əlində saxlayır, polis görən kimi ağzına taxır. Bu zaman da maska rəngini dəyişir, gigiyenik baxımdan təhlükəli vəziyyət yaranır”.

Adil Qeybulla təklif edib ki, ictimai nəqliyyatda tibb maskalar pulsuz olaraq paylanılsın: “30 qəpiklik maska üçün xəsislik etmək olmaz. Sonra bu problemin altından çıxa bilmərik. Təsəvvür edin, tək bir insanın xəstələnməsi neçəyə başa gəlir? Bu baxımdan da ictimai nəqliyyatlarda maska paylamaq lazımdır”.

Professor qeyd edib ki, gün ərzində maskadan düzgün istifadə etmək də əsas şərtdir:“Küçədən evə gələn ki, maskanı çıxarıb, atmaq lazımdır. Amma müşahidə edirik ki, əksəriyyət bir maskadan dəfələrlə istifadə edir.


Əsasən su keçirməyən materialdan hazırlanan maskalara üstünlük vermək lazımdır. Hazırda apteklərdə yuyulan maskalar da satılır. Həmin maskalardan alıb istifadə etdikdən sonra, bir gün məsafə ilə onu sabunla yuyub, qurudub, yenidən istifadə etmək olar”.