Azərbaycanda Bilik Günü qeyd olunur

Sentyabrın 15-də Bakının Nərimanov rayonundakı 177 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub.

XALQ.AZ xəbər verir ki, məktəbin direktoru Günel Xanlarova yeni dərs ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri, valideynləri təbrik edib, onlara xoş arzularını bildirib. Məktəb və ailə vəhdətinin hər bir şagirdin əsl vətəndaş kimi yetişməsində mühüm rol oynadığını deyən G.Xanlarova, bu gün məktəbə ilk dəfə qədəm qoyan 137 şagird təhsildə daha böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib.

Ölkədə təhsilin uğurla inkişaf etdiyini söyləyən G.Xanlarova vurğulayıb ki, rəhbərlik etdiyi məktəb bu yolda özünə əsas prioritet istiqamət kimi azərbaycançılıq məfkurəsinin yaşadılmasını, milli mənəvi dəyərlərin qorunmasını, adət-ənənələrin nəsildən-nəslə ötürülməsini, vətənpərvərliyin aşılanmasını və zamanla ayaqlaşan insan kapitalına faydalı vətəndaşların yetişdirilməsini seçib.

Qeyd olunub ki, ötən tədris ilində şagirdlər şahmat və idmanın müxtəlif sahələri üzrə həm rayon, həm şəhər, həm də respublika yarışlarında iştirak edib, uğurlar qazanıblar. Kiçik elmi akademiyanın fəaliyyəti çərçivəsində şagirdlər “Sabahın alimləri” respublika müsabiqəsində gümüş medalla ikinci yerə layiq görülüblər. Eyni zamanda, 11-ci və 9-cu sinif şagirdlərinin buraxılış nəticələri və qəbul faizləri yüksək olub. Ötən tədris ilində 9-cu sinif şagirdləri fərqlənmə attestatları ilə təltif olunublar.

YAP siyasi şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev ölkənin təhsil sistemindən, qazanılan uğurlardan danışıb. M.Quliyev qeyd edib ki, Azərbaycanda təhsilin inkişafına Prezident İlham Əliyev tərəfindən xüsusi qayğı və diqqət göstərilir. Son illərdə ölkəmizdə dörd minədək məktəb əsaslı təmir olunub, yeni məktəblər tikilib, ən müasir innovativ texnologiyalar tətbiq edilib. Dövlət proqramı çərçivəsində beş mindən çox gənc dünyanın aparıcı universitetlərində təhsil alıblar. Hazırda bu istiqamətdə iş davam etdirilir.

Gənc nəslin layiqli vətəndaş kimi yetişməsində məktəbin mühüm rol oynadığını deyən M.Quliyev ilk dəfə məktəbə qədəm qoyan uşaqların gələcəkdə Vətənimizə ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən valideynlər dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda məktəbin rəmzi açarı birincilərə təqdim olunub.

Qeyd edək ki, birinci sinif şagirdləri sırasında jurnalist  Zaur Mirzəzadənin də övladı var.

https://www.youtube.com/watch?v=dj8d4pYrDkE&feature=youtu.be

 

Orxan


Comments are closed.