Azərbaycanda daha bir general vəfat etdi

Azərbaycan Ordusuna ağır itki üz verib. 

Müdafiə Nazirliyindən XALQ.AZ-a verilən məlumata görə, general-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.

1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ildən Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

ALLAH rəhmət eləsin!

Xatırladaq ki, ötən gün Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.