Azərbaycanda ictimai-siyasi sabitlik var

2

 

 

İstər Ukraynada, istər keçmiş post-sovet məkanında, keçmiş sovetlər birliyindən ayrılaraq müstəqillik əldə etmiş digər ölkələrdə, istərsə də başqa regionların hər hansı birində bir hadisə baş verirsə, bu hadisə yalınız və yalnız spesifik olaraq həmin ölkənin özünə aiddir. Yəni, hər bir xalq, hər bir dövlət inkişaf edərkən özünün dəyərlərinə, öz tarixinə söykənir və həmin ölkələrdə, xalqlarda baş verən hadisələri də süni surətdə başqa bir ölkəyə, xalqa şamil etmək mümkün deyil. Bunu Gün.Az-a açıqlamasında millət vəkili, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Ukraynada baş vermiş son inqilabın Azərbaycana təsirinin mümkün olub-olmamasına münasibətini bildirərkən dilə gətirib.

YAP rəsmisinin qeyd etdiyinə görə, Ukraynada baş verən son hadisələr birbaşa həmin ölkənin özünün daxili ictimai-siyasi vəziyyəti, sosial-iqtisadi inkişaf yolu ilə, o cümlədən, Ukraynadakı siyasi hakimiyyətin yeritdiyi siyasət və onun nəticələri ilə bağlıdır:

“Düzdür, bir sıra hallarda Ukraynada gedən proseslər bütövlükdə dünya çapında gedən geopolitik proseslərlə əlaqəlidir, amma bütün hallarda Ukrayna daxilində baş verən hadisələr Yanukoviç hökumətinin həyata keçirdiyi səhv siyasətin təzahürləridir”.

O ki qaldı Ukrayna hadisələrinin Azərbaycana təsiri məsələsinə, M.Qurbanlı deyib ki, Azərbaycanda heç bir halda “Maydan”dakına bənzər hadisələr baş verə bilməz.

M.Qurbanlının sözlərinə görə, çünki Azərbaycanda ictimai-siyasi sabitlik var, ölkə Prezidenti İlham Əliyev ardıcıl olaraq islahatlar həyata keçirir və yaranmış bəzi çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülür.

“Ona görə Azərbaycanda bu tipli hadisələrin baş verməsi ehtimalı çox azdır. Eyni zamanda, Azərbaycan xalqı buna bənzər hadisələri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yaşayıb və o mərhələni keçib.

Bu baxımdan, hesab edirəm ki, Azərbaycan “Maydan” tipli hadisələrlə üzləşməyəcək. Çünki bir daha qeyd edirəm ki, Azərbaycanda hakimiyyətin yeritdiyi uğurlu, düşünülmüş siyasət bu cür simptomların yaranmasına gətirib çıxarmayacaq”, – deyə, YAP icra katibinin müavini daha sonra sözlərinə əlavə edib.