Azərbaycanda III Rəqəmsal Ticarət Qovşağı beynəlxalq forumu keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək. 

XALQ.AZ xəbər verir ki, tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə mövzusu olunacaq. 

Tədbirdə diqqəti çəkən məqamlardan biri də dünyada ilk e-Rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryusun iştirakıdır. Kaspar konfransda Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verəcək. Tədbirdə həmçinin ilk dəfə olaraq Dövlət-Özəl tərəfdaşlığı sazişinin mobil imza ilə imzalanması planlaşdırılır.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanda artıq üçüncü il belə bir tədbirin təşkil edilməsi ölkəmizdə elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökümət və kibertəhlükəsizlik sahələrində inkişafı göstərir: “Prezident İlham Əliyevin ölkədə informasiya və kommunikasiya sahəsinə verdiyi diqqətin nəticəsi olaraq Azərbaycan artıq regionda lider dövlətlər sırasındadır. Təsadüfi deyil ki, Azərbaycan dünyada Estoniyadan sonra elektron rezidentlik verən ikinci, mobil rezidentlik verən ilk dövlətdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dünyada yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, qeyri-rezidentlər üçün elektron xidmətlər və müxtəlif ölkələr ilə trans-sərhəd əməliyyatları təqdim edən yeganə platformadır.”

Qeyd edək ki, “AzərTelecom”, “Best Solutions”, “Caspian Audit” şirkətlərinin dəstəyi və “Paşa Bank”ın sponsorluğu ilə həyata keçiriləcək Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu il oktyabr ayının 9-da keçirilməsi nəzərdə tutulan konfransla bağlı hazırlıqları davam etdirir.