Azərbaycanda insan hüquqlarının səmərəli qorunmasından ötrü real işlək mexanizmlər mövcuddur

ali huseynli

 

«Azərbaycan Konstitusiyasının çox böyük bir hissəsi insan hüquqlarına həsr olunub. İnsan hüquqlarının qorunması ilə bağlı bizim Konstitusiyaya bir çox dəyişikliklər edildi. Hazırda bizim həm Konstitusiyamız, həm də bütovlükdə milli qanunvericiliyimiz insan hüquqlarını səmərəli şəkildə qoruyur, kifayət qədər ciddi müddəaları özündə ehtiva edir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ana xəttində Azərbaycanın inkişaf etmiş ölkələri sırasına qatılması ideyası dayanır və insan hüquqlarına indi biz daha geniş kontekstdə baxırıq. Onun sözlərinə görə, bu inkişaf konsepsiyasının vacib daxili elementlərindən biri də insan hüquqlarının səmərəliliyinin artırılması ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanmış Proqramdır.
«Həmin Proqram artıq bir neçə ildir icra olunur və hələ qarşıdakı illərdə də icra olunacaq. Beləliklə, ölkəmiz insan hüquqlarının qorunması sahəsində bu Proqramla yaxın illər üçün konkret işlər görür. Azərbaycanda insan hüquqlarının səmərəli qorunmasından ötrü real işlək mexanizmlər mövcuddur. İnsan hüquqları dövlətin bir hissəsi kimidir, daim bu diqqət mərkəzində saxlanılır və dövlət orqanlarının, hamımızın, cəmiyyətin borcu insan hüquqlarının qorunmasını təmin etməkdir. Yəni, bu əsas mövzudur və daim diqqət mərkəzindədir»- deyə, komitə sədri vurğulayıb.