Azərbaycanda koronavirusla bağlı yeni layihəyə start verilir

TƏBİB, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Ümümdünya Səhiyyə Təşkilatı birgə layihəyə start verir. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, layihə barədə bu gün onunla bağlı keçirilən tədbirdə ictimaiyyətə məlumat verilib.  

Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə başlanılır. Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək. 

Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda onunla bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir. 

Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə “triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılması ilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanlarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur. 

Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.

Qeyd edilir ki, bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar.