Azərbaycanda korrupsiyaya görə onlar axtarışa verilib

Ötən il ən çox korrupsiya faktı aşkarlanan sahələr açıqlanıb. Korrupsiyaya qarşı mübarizə baş idarəsinin 2017-ci ildə gördüyü işlərlə bağlı hesabatına əsasən, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. İkinci yerdə isə özəl sektor yer alıb.
Azərbaycanda korrupsiya əməlinə görə 44 nəfər axtarışa verilib, onlardan 34-ü xaricdə gizlənir. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

O, 2017-ci il ərzində görülən işlərlə bağlı keçirilən hesabat toplantısında ötən il ən çox korrupsiya faktları aşkarlanan sahələri də açıqlayıb. Bank sektorunda törədilən hüquqazidd əməllər ilk yerdə qərarlaşıb. Şikayətlərin əksəriyyəti isə lisenziyası ləğv edilmiş banklardandır.
Ümumi statistik göstəricilərə görə isə, 2016-cı ilə nisbətən ötən il korrupsiya əməllərinə görə müraciətlərin sayında azalma müşahidə edilib.
Kamran Əliyev bu azalmanın xüsusilə “ASAN xidmət” mərkəzləri şəbəkəsinin genişlənməsi və xidmətlərin sayının artması ilə əlaqədər olduğunu bildirib. Ötən il idarəyə daxil olan ərizə və şikayətlərdən 280-i cinayət xarakterli material olub və onlardan 181 fakt üzrə cinayət işi açılıb.