“Azərbaycanda pandemiyanı nəzarətə götürmək mümkün oldu”

“Qlobal bəlaya çevrilən koronavirus pandemiyası dövründə əksər ölkə rəhbərləri “özünəqapanma sindromu”nun yaşadığı bir zamanda Azərbaycan Prezidenti proseslərə soyuqqanlı və çevik yanaşaraq həm ölkəmizdə pandemiyanın nəzarətə götürülərək vəziyyətdən az itki ilə çıxmaq istiqamətində, həm də bu məsələdə beynəlxalq həmrəyliyin yaradılması istiqamətində addımlar atdı”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında deputat İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, məhz zamanında həyata keçirilən təxirəsalınmaz addımlar nəticəsində Azərbaycanda pandemiyanı nəzarətə götürmək mümkün oldu:

“Bununla paralel olaraq belə bir qlobal bəlaya qarşı dünya ölkələrinin birgə fəaliyyətinin təşkil edilməsinin zəruriliyini görən cənab Prezident İlham Əliyev qlobal problemə qarşı beynəlxalq həmrəyliyin yaradılması məqsədi ilə birgə fəaliyyətin koordinasiya olunması istiqamətində təşəbbüslə çıxış etdi. İlk olaraq  aprelin 10-da Türk Şurasına üzv ölkələrin Zirvə topantısını keçirdi və ardından qısa zaman keçdikdən sonra isə çətin və mürəkkəb şəraitdə dünyanın BMT-dən sonra ən böyük ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edərək, bunu keçirməyə nail oldu.

Əslində belə bir mürəkkəb şəraitdə Zirvə görüşünü keçirmək özü böyük bir əhəmiyyət kəsb edir. Bəlkə başqa bir ölkə Qoşulmama Hərəkatına rəhbərlik etsəydi belə, belə bir mötəbər toplantını keçirə bilməzdi. Lakin belə mötəbər tədbirin qısa zaman kəsiyində təşkil edilməsi Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin dünyada möhkəmlənən nüfuzu və dünya səviyyəli bir lider olmasının  göstəricisi kimi dəyərləndirmək lazımdır. Prezident İlham Əliyev əməli ilə bir daha sübut etdi ki, rəhbərlik etdiyi beynəlxalq qurumlarda da üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə qadir liderdir. Məhz bunun nəticəsi olaraq Zirvə toplantısında təkcə Qoşulmama Hərəkatına üzv olan ölkələr deyil, müxtəlif beynəlxlaq qurumların, xüsusən də BMT, Avropa Birliyi, Afrika İttifaqı, ÜST və sair bu kimi nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri qoşularaq Azərbaycanın və Prezident İlham Əliyevin  COVİD-19 virusuna qarşı təşəbbüsünü dəstəkləməklə, onun bu addımını təqdir edərək yüksək qiymətləndirdilər. Bu toplantı bir daha  Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edəcək”.

Deputat əlavə edib ki, Azərbaycanın koronavirus pandemiyasına qarşı gördüyü işlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib:

“ÜST Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib və görülən tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Zirvə görüşündə Prezident bildirdi ki, Azərbaycan beynəlxalq səviyyədə COVİD-19-a qarşı səmərəli mübarizə aparmaq üçün əlavə olaraq daha 5 milyon dollar vəsait ayıracaq. Bütün bunlar Azərbaycanın COVİD-19-la mübarizədə beynəlxalq aləmə verdiyi böyük töhfə kimi dəyərləndirmək lazımdır. Çünki indiyə kimi nə heç bir ölkə başçısı, nə də beynəlxalq təşkilatların rəhbərləri beynəlxalq həmrəyliyin təşkil olunması istiqamətində təşəbbüslərlə çıxış edərək real addımlar atmayıb. Belə bir ilkə yenə də Azərbaycan Prezidenti imza atdı. Bu da onun liderlik qabiliyyətindən və uzaqgörənliyindən irəli gələn məsələdir. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın qlobal problemlərə açıq münasibətini ortaya qoydu. Göstərdi ki, Azərbaycan qlobal problemlərə biganə deyil və bütün gücünü belə problemlərin həllinə səfərbər etməyə hazırdır. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan xalqının necə böyük bir xalq olduğunu dünyaya nümayiş etdirdi”.