Azərbaycanda seçkilər bir qayda olaraq demokratik və şəffaf keçirilir

88

Seçkilərin şəffaf keçirilməsi Azərbaycanın dövlətçilik prinsipləri üçün başlıca şərtdir

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli təhlili yazı hazırlanıb və həmin material qurumun saytında yerləşdirib.

“Azərbaycanda seçkilər bir qayda olaraq demokratik və şəffaf keçirilir. Seçkilərin bu qayda ilə keçirilməsi Azərbaycanın dövlətçilik prinsipləri üçün başlıca şərtdir. Bəzi beynəlxalq təşkilatların bu istiqamətdə atılan addımları fərqli tərzdə qiymətləndirməsi başqa məsələdir. Lakin xaricdə Azərbaycanda mövcud olan seçki prosesinə və demokratik inkişafa yüksək qiymət verilir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə mövcud materiala münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bəzən müəyyən məsələlərə qərəzli yanaşmaların şahidi oluruq: “Payızda keçiriləcək prezident seçkiləri ilə bağlı son dövrlərdə verilən dəyərlərin əksəriyyəti müsbət xarakter daşıyır. Hətta əvvəl mənfi rəy söyləyən qurumlar belə sonradan fikrini dəyişir. İstənilən halda Azərbaycanda seçkilərin demokratik keçirilməsi hər kəsdən çox elə ölkəmiz üçün başlıca məqsəddir. Azərbaycan öz inkişafı ilə bu gün regionun stabilləşdirici faktorlarından birinə çevrilib. Bundan sonra da Azərbaycanda gedən proseslərlə bağlı obyektiv qiymət verən təşkilatların sayının artdığının şahidi olacağıq”.

Təhlil xarakterli yazıda yer alan “Məntiqli və siyasi etika Qərb demokratiyalarından başlayaraq, beynəlxalq qurumların Azərbaycan Respublikasını seçdiyi yolda (sosial tərəqqi və parlament demokratiyası) dəstəkləməsinə səbəb olacaq” fikirlərinə də aydınlıq gətirən millət vəkilinin sözlərinə görə, Azərbaycanın təcrübəsi hər zaman bütün dünya ölkələri tərəfindən mənimsənilir: “Azərbaycan 20 ildir ki, müstəqillik qazanıb və bu zaman ərzində bir çox çətinliklərdən keçərək, dünyanın ən inkişaf edən ölkələri sırasına daxil olub. Azərbaycan kapitalı bu gün xaricdə uğurla yerləşdirilir. Dünyanın aparıcı dövlətləri Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək üçün təşəbbüs göstərir. Bu baxımdan Azərbaycan təcrübəsi hər zaman böyük maraq doğurur”.