Azərbaycanın əldə ediyi uğurların təməlində qətiyyətli siyasət dayanır

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərək hesabat dövründə ölkəmizdə görülən işlərə nəzər salıb, qarşıda duran əsas strateji hədəfləri müəyyənləşdirib. Dövlət başçısı giriş nitqində vurğulayıb ki, Azərbaycan cari ilin ötən ayları ərzində uğurla inkişaf edib, nəzərdə tutulan bütün vəzifələr yerinə yetirilib. 
Ölkə rəhbərinin iclasdakı çıxışında siyasi, sosial-iqtisadi məsələlərlə bağlı fikirləri bir daha göstərdi ki, dünyada və regionda təhlükələrin artdığı, yeni münaqişə ocaqlarının yarandığı, iqtisadi vəziyyətin ağırlaşdığı bir şəraitdə Azərbaycan öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir.
Prezident İlham Əliyev bildirib ki, uğurlu sosial siyasət nəticəsində respublika əhalisinin rifah halı yaxşılaşıb, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı daha da artırılıb, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılması həyata keçirilib.
Prezident İlham Əliyev deyib: “Sosial sahədə ciddi islahatlar aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir”.
Ölkə rəhbəri sosial sahədə reallaşdırılan islahatlardan bəhs edərkən, “ASAN xidmət”in səmərəli fəaliyyətini diqqətə çatdırıb, yeni yaradılan Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərinin gələcəkdə vətəndaşların etimadını qazanacağına əminliyini bildirib, eyni zamanda, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisinin daha da sürətlə aparılacağını vurğulayıb: “Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin.
Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır…”.
İclasda qeyri-rəsmi məşğulluq barədə də danışılıb. Yeri gəlmişkən, Azərbaycanda bu halın aradan qaldırılması, əhalinin sosial hüquqlarının pozulmaması üçün prioritetlər müəyyənləşdirilib. Son illərdə bununla bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirmə işləri aparılıb və bütün bunların nəticəsində müəyyən uğurlar əldə olunub. Lakin etiraf edək ki, mövcud sahədə problemlər hələ də tam aradan qaldırılmayıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bununla bağlı deyib: “Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, – nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, – vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”.
Hazırda qeyri-formal məşğulluğun səviyyəsinin aşağı salınmasına çalışılır, çünki bu, ilk növbədə, həmin formada çalışanların gələcək sosial təminat hüquqlarının sual altına düşməsinə səbəb olur. Bunu nəzərə alaraq pensiya təminatı sistemi dəyişdirilib. Artıq tam sığorta prinsiplərinə əsaslanan pensiya təminatı sistemi fəaliyyət göstərir. Hər kəs qeydiyyata düşüb sosial sığorta haqqı ödəyirsə, bu, tam şəkildə onun fərdi hesabına köçürülür. Gələcək pensiya təminatı da məhz bundan asılıdır. Bu gün sözügedən sahədə işlər davam etdirilir.
Onu da qeyd edim ki, dünyanın bir çox dövlətlərində, o cümlədən Avropa ölkələrində qeyri-rəsmi məşğulluqla ciddi mübarizə aparılır. Azərbaycanda da onların təcrübəsindən yararlanılır. Bununla bağlı hüquqi aktlar təkmilləşdirilir, normativ baza yaradılır, təbliğat və nəzarət mexanizmləri işə salınır.
Yeri gəlmişkən, 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar aparılması dayandırılıb. Buna görə də bir çox iş yerlərində qeyri-rəsmi məşğulluqla bağlı araşdırmaların həyata keçirilməsi çətinləşib. Ancaq bütün bunlara baxmayaraq, monitorinqlər və digər nəzarət mexanizmləri vasitəsilə qeyri-rəsmi məşğulluq fəaliyyəti göstərən iş yerləri araşdırılıb üzə çıxarılır, bu barədə müvafiq tədbirlər həyata keçirilir, təbliğat aparılır.
Əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu, milli qanunvericilikdə dəqiq müəyyənləşdirilən hüquq pozuntusu olaraq, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir, layiqli əməyin dəstəklənməsi və nəticə etibarilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır. Buna görə də Azərbaycan hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqatçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün zəruri addımlar atır.
Bununla yanaşı, əmək münasibətlərinin elektron qeydiyyat sistemi əmək bazarının, eləcə də işçi hüquqlarının təminatının dövlətin birbaşa nəzarətində saxlanılmasına, məşğulluğun dinamikasını, iş qüvvəsinin icarə şərtlərini, əməyin şərtlərini, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələrini və yerdəyişməsini dəqiq şəkildə izləməyə, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa imkan verir.
Ümumiyyətlə, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmillləşdirilməsi istiqamətində atılan uğurlu addımlar ümummilli lider Heydər Əliyevin sosial ideyalarının uğurla reallaşmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir ölkə vətəndaşının etibarlı sosial müdafiəsinə yönələn sosial siyasətinin və dövlət orqanlarının xidmətlərinin müasir və şəffaf şəkildə qurulması barədə tapşırıqlarının yüksək səviyyədə icrasına xidmət edir.
Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında ölkənin vergi sistemindəki mövcud vəziyyəti də dərindən təhlil edib, vergi orqanlarında ciddi struktur islahatları aparıldığını xatırladıb, eyni zamanda, bu sahədə yol verilən nöqsanları diqqətə çatdırıb: “Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək…”.
Cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında özəl sektorun inkişafından danışarkən, bildirib ki, sahibkarlara bundan sonra da dövlət öz dəstəyini göstərəcək: “Bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılmışdır. Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il də kreditləşmə uğurla gedir, tələbat çoxdur. Bu, çox sevindirici haldır. Əminəm ki, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti nəticəsində gələn il də ölkəmizdə minlərlə iş yeri yaradılacaq”.
Respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət göstərilməsi təsadüfi deyil. Çünki ötən 15 ildə Azərbaycanın sürətli iqtisadi inkişafında özəl sektor, kiçik və orta sahibkarlıq mühüm rol oynayıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektor tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artıb, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnib.
Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən, Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilib.
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin son iclasında sahibkarlığın inkişafı və biznes mühitinin bundan sonra da yaxşılaşdırılacağını, bu istiqamətdə sistemli tədbirlərin davam etdiriləcəyini, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılacağını, sahibkarlıq subyektlərinin elektron qeydiyyatına xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atıldığını, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədinin verildiyini xatırladıb: “Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Əgər biz bu sistemi tətbiq etməsəydik, heç kim gəlib bu vəsaiti Azərbaycana qoymazdı. Baxın, bir ciddi islahatın aparılması ilə təxminən 3 milyard manat investisiya cəlb etmişik, 20 min insan üçün isə iş yeri yaratmışıq”.
Prezident İlham Əliyevin, göründüyü kimi, sosial-iqtisadi məsələlərdə ədalətli, prinsipial və qətiyyətli mövqe nümayiş etdirməsi, əslində, dövlət başçısının idarəetmədə 15 il ərzində həyata keçirdiyi siyasətin mahiyyətini ehtiva edir. Azərbaycanın əldə ediyi möhtəşəm uğurların təməlində də məhz bu prinsip dayanır.

Xəyalə QƏMBƏROVA,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial sığınacaq və reabilitasiya müəssisəsinin direktoru