Azərbaycanın “Eurovision-2020”dəki yeri məlum oldu

Azərbaycan Niderlandda keçiriləcək “Eurovision – 2020” mahnı müsabiqəsində birinci yarımfinalda çıxış edəcək.  

XALQ.AZ-ın məlumatına görə, bu, yanvarın 28-də Rotterdam meriyasında baş tutan püşkatma mərasimi zamanı məlum olub. Müsabiqənin yarımfinalları 12 və 14 may tarixlərində, finalı isə 16 may tarixində keçiriləcək.

Yarışmada 41 ölkə təmsilçisi çıxış edəcək. 35 ölkədən olan artistlər yarımfinallarda finala keçmək uğrunda mübarizə aparacaqlar. Finala avtomatik olaraq “Böyük beşlik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ötən ilki qalibi, “Eurovison – 2020”yə ev sahibliyi edəcək Niderland keçəcək. 

Hələ adı açıqlanmayan Azərbaycan təmsilçisi I yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Beləliklə, birinci yarımfinalda (12 may) 17 ölkədən olan artistlər səhnə alacaq: Şimali Makedoniya, Belarus, Litva, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika.  

İkinci yarımfinalda (14 may) 18 ölkədən olan artistlər çıxış edəcək: Avstriya, Moldova, Polşa, San-Marino, Serbiya, İslandiya, Çexiya, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya.

Hər yarımfinalda tamaşaçı və münsiflərin səsverməsi nəticəsində 10 ölkə mayın 16-da keçiriləcək finala vəsiqə qazanacaq. Finalda ümumilikdə 26 ölkə təmsil olunacaq.