Azərbaycanın tutduğu yol haqq yoludur

 

 

47

26 İyun Azərbaycan Silahlı Qüvvələr günü sözün həqiqi mənasında Azərbaycan tarixi üçün çox əhəmiyyətli və dəyərli bir gündür. Hesab edirəm ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra texniki imkanları və kadr potensialının güclənməsi ilə Azərbaycan ordusu regionda ən güclü orduya çevrildi”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, ordumuz günü-gündən öz möhkəmliyini, əzəmətini, qüdrətini və gücünü göstərir: “Bu gün cənab Prezident İlham Əliyev digər sahələrə olduğu kimi, ordu sahəsinə də xüsusi diqqət yetirir. Hətta bir el misalında deyilir ki, ordun varsa, yurdun var, ordun yoxdursa, demək yurdun da yoxdur. Sözün həqiqi mənasında ordunun qüdrətli, güclü olması və s. Azərbaycanın ərazi bütövlüyünün bərpasının daha da yaxınlaşması üçün bizə əsas verir. Dövlət başçısının əsgərlər, gizirlər, zabitlərlə geniş görüşü və bununla bağlı bütün tədbirlərdə iştirakı hərbçilərimizi ruhlandırır. Heç şübhəm yoxdur ki, Azərbaycanın ərazi bütövlüyü cənab Prezidentin rəhbərliyi altında qısa zamanda bərpa olunacaq. Bu gün Azərbaycan öz gücü, qüdrəti, hərbi potensialı ilə Ermənistanı qısa müddət ərzində diz çökdürmək gücünə malikdir.

Təbii ki, Ermənistanın özündə də bu vəziyyəti dərk edən insanlar var. Əgər bu proses qısa müddətdə davam edəcəksə, o zaman Ermənistan adlı dövlətdən söhbət belə gedə bilməz. Bu mənada hesab edirəm ki, Azərbaycanın tutduğu yol haqq yolu və həyata keçirdiyi siyasət düzgün siyasətdir. Prezidentimizin rəhbərliyi altında daxili, xarici siyasət və ümumilikdə Azərbaycanda reallaşdırılan bu işlər ölkəmizin daha da qüdrətlənməsinə yönəlib. Təbii ki, bu davamlı işlərdir. Bu işlərdə də bizim hər birimizin borcu odur ki, dövlət başçısınının həyata keçirdiyi işlərdə ona yardımçı olaq”.