Azərbaycanlı səfir pakistanlı generalla – Xocalı faciəsindən danışdı

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, ehtiyyatda olan general-leytenat Nasir Xan Janjua ilə görüşüb.

Sefirlikdən  XALQ.AZ -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkənin rəhbərlərinin səyi və diqqəti nəticəsində gün də gün daha da möhkəmləndiyi, bu münasibətlərin bütün sahələri əhatə etdiyi vurğulanıb.

Ermənistanın işğalçılıq siyasəti və təxribatları haqqında məlumat verən səfir Əli Əlizadə ermənilərin tarix boyu müsəlmanlara, xüsusən azərbaycanlılara qarşı qərəzli mövqe sərgilədiyini, bir çox qətliamlar, soyqırımları törətdiyini qeyd edib. Müasir dövrdə ağıla belə gəlməyən, ermənilər tərəfindən xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı cinayət olduğunu bildirən Əli Əlizadə Pakistan Milli Assambleyasının və Senatının Xarici Əlaqələr Komitələrinin bu faciəni soyqırım kimi tanımasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Nasir Xan Janjua Pakistanın da on illərdir terrorizmlə mübarizə apardığını, bu mübarizədə on minlərlə qurbanlar verdiyini, Azərbaycanla Pakistanın hər zaman bir-birini anladığı və dəstəklədiyini qeyd edib, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərin artırılması gərəkdiyini vurğulayıb.

Görüşdə əməkdaşlığın davam etdirilməsi, birgə tədbirlərin, layihələrin həyata keçirlməsi istiqamətində də fikir mübadiləsi aparılıb.