Azərbaycanlı siyasi yazar prezidentə müraciət etdi: “Ölkə hüdudlarından kənarda qayğınıza və diqqətinizə daha çox ehtiyac var”

Cənab Prezident, xaricdə fəaliyyət göstərən diaspora və lobbiçilik fəaliyyətimiz əfsuslar olsun ki sıfırdır. Siz jurnalistlərə dəfələrlə müraciət edərək, həqiqəti yazıb Sizi xəbərdar etməyimizi istədiyiniz üçün, gərəkli müraciəti etməyi özümə borc bildim.

Cənab Prezident, bu gün üzüntüylə sizə etiraf etməliyəm ki, Azərbaycanlı soydaşlarımızın qardaş Türkiyədəki mövcud vəziyyəti çox acınacaqlıdır. Xüsusən diaspora və lobbiçilik işləri. Hesab edirəm, mövcud vəziyyət təxribat xarakteri daşıyır. Çünki Sizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatına sədrlik etdiyiniz bir dönəmdə Diaspora Dövlət Komitəsi və Xarici İşlər Nazirliyinin Türkiyədəki soydaşlarımızla bağlı problemləri qulaqardı etməsinin başqa bir açıqlaması yoxdur.

Bu gün qardaş Türkiyədə ikilistandartlarla üzləşirik. Bu ikili standartları həm öz dövlətimizin diaspora və digər səlahiyyətli şəxsləri tərəfindən görürük, həmdə qardaş Türkiyənin rəsmi nümayəndələri tərəfindən.

Bu günə kimi Türkiyədə Azərbaycan Dövlət Universitetlərinin diplomları birbaşa qəbul edilmir. Bu günə kimi Azərbaycanlı soydaşlarımızın Türkiyə əmək məcəlləsinin 27.25 maddəsinə əsasən Türksoyluq bəlgəsi ilə istənilən yüksək vəzifədə çalışa bilmə haqqına sahib olduğu halda, bu bəlgənin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilməsinin rəsmən qadağan edildiyi bildirilir. Türkmənistan, Kosova, Qazaxıstan, Qırğızıstan vətəndaşları bu gün Türkiyədə bu bəlgə ilə vətəndaşlıqlarından imtina etmədiyi halda dövlət vəzifələrində, rəsmi qurumlarda çalışma imkanına sahibdirlər. Azərbaycan  tərəfinin  qadağasından dolayı bu gün ziyalılarımız, təhsilli həmvətənlərimiz Türkiyədə xadimə və fəhlə işləmək məcburiyyətində qalırlar.

Cənab Prezident, ziyalı şəxslərimiz xadimə və fəhlə işləyərək, diasporamızı necə gücləndirə bilərik axı? Biz hansı güclü lobbiçilikdən danışa bilərik axı? Bu gün Türkiyədə yetəri qədər böyük erməni icması var. Nəyə görə, bizim soydaşlarımız ermənilər Türkiyədə millət vəkili seçkilərinə qatıla bildikləri halda, Azərbaycanlı soydaşlarımız müəllim  kimi çalışma hüququndan məhrum olmalıdır?

Bu gün qardaş ölkə dediyiniz Türkiyə dərsliklərində Azərbaycanla əlaqəli, Heydər Əliyevlə bağlı, Dağlıq Qarabağla bağlı bir məlumat yoxdur. Burada heç bir şagird Azərbaycan şairlərini və yazarlarını tanımır.

Çünki bizim diasporamızın ziyalıları Türkiyədə xadimə və fəhlə işləməyə məcburdur. Türkiyə qanunvericiliyinə görə, diplomu qəbul edilməyən dövlətlərin universitetlərinin məzunları KPSS- imtahanından keçməlidir. Amma Azərbaycan və Türkiyənin yetərsiz qarşılıqlı anlaşmalarına görə, KPSS imtahanından keçən soydaşlarımız belə dövlət strukturlarında çalışa bilmir.

Ermənistan Türkiyə arasında diplomatik əlaqələr olmasa da, düşünün ki, Ermənilərin Türkiyədə hüquqlarını müdafiə edən katalikosları var. Azərbaycan və Türkiyə arasında yüksək diplomatik əlaqələr mövcud olduğu halda, səfirlik və iki konsolluq fəaliyyət göstərdiyi halda, həmvətənlərimizin hüquqları müdafiə olunmur.

Cari ilin yanvar ayından etibarən Türkiyədə turizm məqsədi ilə oturum izni alan Azərbaycanlı soydaşlarımız bu oturum iznini uzatma imkanından məhrum edilib. Mövcud vəziyyətlə bağlı konsolluq və səfirliyə dəfələrlə müraciət etsək də, heç kəs  müraciətlərə reaksiya vermir.

Türkiyədə yerli jurnalistlərə Dağlıq Qarabağla bağlı seminarlar keçmək üçün təşəbbüs göstəririk, layihələrlə Diaspora Dövlət Komitəsinə  dəfələrlə müraciət edirik, amma müraciətlərimiz dəyərləndirilmir və heç bir dəstək verilmir.

Qardaş Türkiyə ilə Azərbaycan arasında Sizin də qeyd etdiyiniz kimi meqa iqtisadi layihələr gərçəkləşdirilib. Azərbaycan bu gün Türkiyədə ən böyük sərmayəçidir. Bu gün Erməni əsilli insanların Türkiyəyə qarşı qondarma soyqırım iddiaları irəli sürdükləri halda, yükək vəzifələrə təyinatları qarşısında, qardaş Türkiyədə Azərbaycan həmvətənlərinin bütün Türksoylulu hüquqlarından məhrum olunmaları çox məyusedicidir.

Cənab Prezident, ümid edirəm, bütün bu problemlərə diqqət yetirəcəksiniz. Sizin qayğılarınızı biz həmişə hiss etmişik. Xüsəsən, ölkə hüdudlarından kənarda qayğınıza və diqqətinizə daha çox ehtiyacımız var”.

Qeyd edək ki, Azərbaycanlı siyasi yazar Ülkər Fərmanqızı mərkəzi ofisi Türkiyədə olan, VOİCEPRESS Beynəlxalq İnformasiya və Araşdırma Mərkəzinin rəhbəridir.