Azərbyacanda yeni qurum yaradılır

Azərbaycanda qoruqlara bağlı yeni qurum yaradılır.

XALQ.AZ xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, publik hüquqi şəxs qismində yeni qurum – Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi olacaq:

“Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarə olunması təklif edilir. İstəyirik ki, proseslər şəffaf keçsin. Qoruqlarda turniketlər quraşdırılacaq və biz qoruqların bütün gəlirlərini görəcəyik. Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək”.

Hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruğun fəaliyyət göstərdiyini deyən Agentlik sədri qeyd edib ki, qoruqların bəzilərində müəyyən işlərin görülməsinə ehtiyac var:

“Yanardağ”da həm muzey, həm uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb. “Atəşgah”ı da turistlər üçün cəlbedici etmək məqsədilə orada nələrsə yaradılır. Yaxın zamanlarda orada muzey, uşaqlar üçün əyləncə məkanı yaradacağıq. Eyni zamanda, əcnəbi turistlər üçün qiymətləri bir qədər yüksəltməyi nəzərdə tuturuq. Bu qoruqlara giriş 18 yaşa qədər uşaqlar üçün pulsuz, yerli əhali üçün 2 manat olacaq. Amma əcnəbilər üçün qiyməti bir qədər fərqləndirmək istəyirik. Bu təcrübə başqa ölkələrdə də var”.