“Azərişıq” işıq pulu ilə bağlı açıqlama verdi

Bu gün “Azərişıq” ASC-nin məsul şəxsləri iyul ayında abonentlərin aylıq elektrik enerjisi sərfiyyatının artması ilə əlaqədar yaranan mübahisələrə aydınlıq gətirilməsi məqsədilə mətbuat konfransı keçirib.

 

XALQ.AZ xəbər verir ki, tədbirdə çıxış edən “Azərişıq” ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli bildirib ki, elektrik enerjisi sərfiyyatının bu ay çox olması ilə bağlı səslənən fikirlər doğru deyil:

“Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir. Məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir. İsti hava şəraiti ilə əlaqədar olaraq saatlarla kondisioner və digər avadanlıqların çalışması enerji sərfiyyatını artırıb. Abonentləri əmin edirik ki, sayğacın göstəricilərinə sistemdən müdaxilə etmək qeyri-mümkündür. Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir. 40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır. Həmin avadanlıqların üzərində temperatur intervalı var.
Orada qeyd olunur ki, məsələn, 25-30 dərəcədə bu avadanlıq bir saat ərzində 2,5 kilovatt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kilovatt enerji istehlak edə bilər”.

Vüqar Nəbibəyli deyib ki, avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir:

“300 kilovattı 7 qəpikdən, digər sərfiyyatı isə 11 qəpikdən hesablamaqla, aylıq sərfiyyatı müqayisə etmək olar.
Bazada olan məlumata müdaxilə olunarsa, abonent yazılı şəkildə müraciət etmək mümkündür və şəbəkə mütəxəssisi məsələyə aydınlıq gətirəcək.

Nazirlər Kabinentinin qərarı ilə 10 iş günü ərzində şikayətə baxılır, lakin mütəxəssislərimiz maksimum 3-4 gün ərzində abonentlərin problemlərini həll edirlər”.

 

 

Orxan