“Azərişıq” sərt karantin günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Respublikası Nazirlər kabineti yanında Operativ Qərargahın 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.

Bu barədə XALQ.AZ-a qurumun mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu məlumat verilib.

V.Aydınoğlu qeyd edib ki, əhalinin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb:

“Azərişıq” əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyi vaxtdan gücləndirilmiş iş rejimində çalışır. Bu günlərdə də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minimum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Bunun üçün “Azərişıq” ASC-nin rəsmi saytında (azerishiq.az) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərlər”, – məlumatda bildirilir.