«Azərpoçt»un baş direktoru 25 min manata alimlik dərəcəsi alıb

azer

Qəmbər Bəybalayevin yerlərdə inşa edilən poçt şöbələrinin pullarını mənimsədiyi iddiası var 

XALQ.AZ xəbər verir ki, «Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayevin haqqında ilginc iddia ortaya çıxıb. JAM.AZ-a göndərilən məlumatlarda deyilir ki, sözügedən şəxs alimlik dərəcəsini 25 min manata alıb.

Məlumatı verən şəxs bildirir ki, «Azərpoçt» MMC-nin baş direktoru həmçinin bir sıra ciddi maliyyə maxinasiyalarında da yaxından iştirak edir. Həmin məlumatlarda deyilir ki, hələ keçmiş rabitə naziri Nadir Əhmədovla şərikli şəkildə hərəkət edən sözügedən şəxs qısa müddətdə milyonçular sırasına daxil olub. Belə ki, «Aztelekom» İstehsalat Birliyində rəhbər olan zaman qara bazardan aldığı kabelləri baha qiymətə nazirliyə satan bu şəxs milyonlarla manatın silinməsində bilavasitə iştirak edib.

Mənbə bildirir ki, bu cür əməliyyatları intensiv həyata keçirən Qəmbər Bəybalayev keçmiş nazir tərəfindən «Azərpoçt»a baş direktor təyin edilib.

«Azərpoçt»un rəhbəri olduğu müddətdə isə əldə etdiyi qazancın əsas mənbəyi rayonlarda və kəndlərdə yeni poçt şöbələrinin inşası və təmir etdirilməsidir. Bizə yazan mənbələr qeyd edirlər ki, hal hazırda kəndlərdə inşa edilən «göbələyə» bənzər poçt şöbələri üçün büdcədən vəsait ayrılsa da, proses həmin şöbələrin müdirləri tərəfindən həyata keçirilir. Belə ki, Qəmbər Bəybalayev ayrılan pulları həmin şöbələrin hesabına köçürsə də, onun böyük qismini sonradan özünə götürür. Və bu razılaşdırılmış şəkildə həyata keçirilir.

İşin ən qəribə tərəflərindən biri də odur ki, bu zaman hər hansı bir sənədləşdirmə, təhvil-təslim, alqı-satqı və maliyyə əməliyyatları da həyata keçirilmir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.