Azad Rəhimov görüş keçirib

Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, federativ idman naziri cənab Heinz-Kristian Ştaxeninin (Heinz-Christian Strache) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazir həmkarına Azərbaycana gəldiyi və idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirib, Avstriyalı idmançıları Azərbaycana təlim məşq toplantılarına, təcrübə mübadiləsinə dəvət edib.

A.Rəhimov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində idmanın inkişafı, idmançıların birgə təlim məşq toplantılarına qatılmaları üçün hər bir şərait var. Bununla yanaşı, nazir ölkəmizin müxtəlif illlərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Prisi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdiyini, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə maraqlı əməkdaşlıq edilə biləcəyini də diqqətə çatdırıb.

O, 2015-ci ildə Azərbaycanda I Avropa Oyunları zamanı avstriyalı idmançı Vanessa Şahinoviçin düşdüyü qəzadan sonra Azərbaycan hökumətinin atletin sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə vitse-kansler Heinz-Kristian Ştaxenin xidməti olduğunu qeyd edərək, ona dərin təşəkkürünü bildirib.

Öz növbəsində vitse-kansler, federativ idman naziri Heinz-Kristian Ştaxen də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə atlet Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığına, diqqət və qayğı göstərdiyinə görə dərin təşəkkür edib.

Bununla yanaşı, vitse-kansler Azərbaycan idmanı ilə sıx maraqlandığını, ölkəmizin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söyləyib. Heinz-Kristian Ştaxen Azərbaycanın cüdo üzrə dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırıb. Vitse-kansler Avstriyada da şahmat, güləş və cüdo idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi olaraq vurğulayaraq, böyük məmniniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlğa hazır olduğunu bildirib.

Orxan