Azad Rəhimov Əhməd Əlhəndavi ilə görüşüb

 

9

Gənclər və İdman naziri Azad Rəhimov BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununu çərçivəsində Bakıda rəsmi səfərdə olan BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavini qəbul edib.

Xalq.az xəbər verir ki, Azad Rəhimov bildirib ki, hal-hazırda bizim üçün ən önəmli addım Azərbaycan adını dünya xəritəsində ön sıralara çəkməkdir: “Bu gün ölkəmiz gənclər, eləcə də idman sahəsində beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu il biz Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının tədbirini Azərbaycanda gerçəkləşdirdik. Bununla yanaşı bu gün ölkəmizdə təşkil olunan ”Simulasiya oyunu” çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gəncin tədbirə qatılması Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə yüksək şəkildə ev sahibliyi etməsinə bariz nümunədir”.

Daha sonra A.Rəhimov gənclər sahəsində həyata keçirilən bir sıra layihələr, gənclər təşkilatlarına verilən qrantların sayının durmadan artması, ölkəmizdə fəaliyyət göstərən gənclər evləri barədə məlumat verib. Eyni zamanda nazir Azərbaycanın çox yüksək səviyyədə “2015 Avropa Olimpiya oyunları” na hazırlığı, Azərbaycan idmançılarının son ildə olimpiya və qeyri-olimpiya idman növləri üzrə 700  medal qazandığını və digər məlumatları qonağın diqqətinə çatdırıb.

Əhməd Əhləndavi yüksək səviyyədə təşkil olunan tədbir üçün Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirdi. Daha sonra qonaq Azərbaycan Gənclərinin Milli Şurası, “İrəli” gənclər təşkilatı  və  Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə olan görüşü haqqında məlumat verib.