Azad Rəhimov EOC-un 48-ci Baş Assambleyasında çıxış edib

Polşanın paytaxtı Varşavada rəsmi səfərdə olan Gənclər və İdman Naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin (EOC) 48-ci Baş Assambleyasında çıxış edib.

Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və EOC prezidenti Yanes Kotsiançiçin də qatıldığı tədbirdə nazir Azad Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub.

İlk olaraq, 21 – 27 iyulda Bakıda keçirilmiş XV Avropa Olimpiya Gənclər Festivalı (EYOF) haqqında danışan nazir Azərbaycanın bu yarışa hazırlığı, görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib: “Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı EYOF-u 26 ölkədən 346 jurnalist işıqlandırdı. 763 yerli və beynəlxalq texniki heyət festivalın həyata keçirilməsinə cəlb olundu.12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 azərbaycanlı peşəkar EYOF-un ərsəyə gəlməsində müstəsna rol oynadı”.

Daha sonra Azərbaycanın idman siyasətindən, bu istiqamətdə atılan addımlardan söz açan A.Rəhimov ölkədə ötən illər ərzində uğurla həyata keçrilmiş idman yarışları, bu yarışlara olan tamaşaçı marağı, idman arenalarının fəaliyyəti, idman siyasəti və digər mühüm məsələlər barədə də danışıb.

Könüllülük hərəkatının da Azərbaycanda çox geniş vüsət aldığını diqqətə çatdıran nazir hazırda tək idman yarışlarında deyil, digər tədbirlərdə də onların aparıcı qüvvə olduqlarını söyləyib. A.Rəhimov bildirib ki, EYOF-da 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olub.

Qeyd edək ki, səfəri çərçivəsində nazir Azad Rəhimov İOC, EOC və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.