Azay Quliyev ATƏT PA və Bundetsaqın birgə tədbirinə sədrlik edəcək

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gedəcəklər.

XALQ.AZ xəbər verir ki, bu barədə Mill Məclisin Mətbuat xidməti məlumat yayıb.  (http://www.parliament.az/?/az/news/view/4394/)  Məlumatda bildirilir ki, “İqtisadiyyat – münaqişə mənbəyi, və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın həyata keçirilməsi üçün alət – Avropa tarixindən öyrənilmiş dərslər” mövzusuna həsr edilmiş tədbirdə ATƏT regionunda, o cümlədən Avrasiyada davam edən münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyətinin rolu, nəqliyyat, qaz və neft layihələrinin dövlətlərarası əlaqələrə təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
  “Avrasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər: Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında ATƏT-in iqtisadi və ekoloji ölçülərinin yeni vəzifəsi və oynadığı rol” mövzusuna həsr edilmiş 3-cü sessiyaya Azay Quliyev sədrlik edəcək.  Bununla yanaşı deputatımız “Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizləri, o cümlədən Yeni İpək Yolu layihəsi” mövzusuna həsr edilmiş 5-ci sessiyada məruzə ilə çıxış edəcək.  Səfər çərçivəsində Azay Quliyev Almaniya Parlamentinin deputatları və rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirəcək.  Səfər mayın 8-də başa çatacaq.
Orxan