Azərbaycan – Afrika əməkdaşlığının daim genişlənən üfüqləri – ŞƏRH
Azərbaycanın qlobal və regional miqyasda günü-gündən artan siyasi və iqtisadi qüdrəti, dövlət başçımızın müdrik və uzaqgörən diplomatiyası, yürütdüyü uğurlu siyasət dünya ölkələrinin Azərbaycanla əməkdaşlığa və strateji tərəfdaşlığa olan marağını daha da artırır.
Ölkəmiz digər siyasi subyektlərlə münasibətlərdə etibarlı və nüfuzlu tərəfdaş kimi tanınır və qəbul edilir. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanın fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər.
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorludur. Müstəqilliyimizin bərpasından keçən 30 ildən çox müddət ərzində respublikamız həm Avropa İttifaqı məkanına daxil olan ölkələrlə, həm Afrika ölkələri ilə, geniş İslam dünyasını təmsil edən bir sıra dövlətlərlə sıx münasibətlər qurub. Bu münasibətləri uzunömürlü edən əsas məqamlardan biri isə Azərbaycanın ardıcıl siyasətində beynəlxalq hüquq və ədalət prinsipinə əsaslanması, həmişə qarşılıqlı maraqlardan çıxış etməsidir. Respublikamız yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da beynəlxalq səviyyədə Azərbaycanın və onun liderinin nüfuzunun getdikcə artmasını şərtləndirir.
Bu mənada, Azərbaycanla Afrika ölkələri arasında mənəvi dəyərlərə söykənən dostluq münasibətləri xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizlə Afrika dövlətləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı, xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərin perspektivləri üçün zəmin oldu.
2024-cü ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi COP29 İqlim Konfransında təmsil olunan Afrika ölkələrinin dövlət başçıları ilə keçirilmiş görüşlər, Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin “yol xəritəsi”ni, o cümlədən, strateji əməkdaşlıq üçün potensial istiqamətləri müəyyənləşdirdi.
Qlobal miqyaslı problemlərin həllində iştirak edən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində əsas diqqət yetirilən məsələlər sırasında neokolonializmlə mübarizə də mühüm yer tuturdu. Elə o zamandan neo-kolonializmlə mübarizə sahəsində geniş cəbhə açıldığı müşahidə olunmaqdadır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakı Sammitində vurğulamışdır ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır.
Bütün beynəlxalq platformalarda neokolonizmə qarşı mübarizə məsələsini gündəmə gətirən və bu məsələlərdə ümumbəşəri prinsiplərə söykənən ədalətli mövqe sərgiləyən dövlət başçımız müstəmləkəçilik siyasətini davam etdirən, yerli xalqları əsarətdə saxlayan, müstəmləkə ərazilərini istismar edən, oradakı milli azlıqların hüquqlarını pozan Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı törətdiyi qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb.
Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs qrupunun yaradılması nəticəsində artıq Bakı şəhəri Fransa tərəfindən hüquqları tapdalanan ölkələrin və xalqların öz azadlıqları uğrunda bir araya gəldiyi beynəlxalq platformaya çevrilib. Ölkəmizin təşəbbüsü ilə keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlara Afrikanın müstəmləkə ölkələrinin nümayəndələri qatılaraq Fransanın neokolonial siyasətinə qarşı kəskin etirazlarını bildirirlər.
Azərbaycanın Afrika siyasətində prioritet tərəfdaşlıq amillərinin təməl prinsipi qitə ölkələrinə məhz bu istiqamətdə mənəvi dəstək və humanitar yardımların göstərilməsidir.
Azərbaycan ilə müttəfiqliyə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərən Afrika ölkələrindən biri də Qvineya-Bisaudur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən bir qədər sonra, 1992-ci il 27 avqust tarixindən bu ölkə ilə rəsmi diplomatik münasibətlər qurub.
2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 İqlim Konfransında iştirak etmək üçün Azərbaycana səfəri zamanı Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo dövlət başçımız İlham Əliyev tərəfindən diqqət və ehtiramla qarşılanıb. İqlim konfransı zamanı baş tutan görüşlərdə ölkələrimiz arasında iqtisadi, neft-qaz və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana yenidən səfər etməsi strateji münasibətlərin daha şaxəli şəkildə genişləndirilməsi, əməkdaşlıq istiqamətində maraq doğuran məsələlərə dair müzakirə və təhlillərin aparılması və qarşılıqlı anlaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Çağdaş dövrün verdiyi imkanlar daxilində Azərbaycanla Qvineya-Bisau Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Prezidentinin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan Afrika qitəsi ölkələrinin vətəndaşları üçün ölkəmizin ali təhsil müəssisələrində dövlət hesabına təhsil almaq imkanı yaradılıb.
“Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür və bu tarixi səfər onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik”, – deyən Prezident İlham Əliyevin mətbuata bəyanatında toxunduğu önəmli məqamlardan biri də odur ki, hər iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləyir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Afrika ölkələri ilə, o cümlədən Qvineya-Bisau ilə hörmət və etimada əsaslanan əməkdaşlıq və müttəqfiqlik əlaqələri gələcəkdə daha geniş sahələri əhatə edərək davamlı və yüksələn xətlə inkişaf edəcək.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı