Azərbaycan işgüzar əlaqələrini, siyasi münasibətlərini genişləndirir
“Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə bildirib ki, bu səfər iki ölkə arasındakı münasibətləri daha da gücləndirəcək. Beynəlxalq qurumlarda hər iki dövlətin daim bir-birini dəstəklədiyi bir reallıqdır. Növbəti dövrdə iqtisadi əməkdaşlıq sahəsində həyata keçiriləcək işlər Pakistanda müxtəlif layihələrə sərmayə qoyuluşuna imkan yaradacaq. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Pakistan iqtisadiyyatına 2 milyard dollara yaxın sərmayə yatırmaq mümkündür”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan müxtəlif sahələrdə Pakistanla sıx əməkdaşlıq çərçivəsində yüksək səviyyəli münasibətlər qurur: “Baş nazirlə görüşdə bir daha vurğulandı ki, müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlıqlar mövcuddur. İki ölkə artıq birgə istehsal müəssisələrinin yaradılması üzərində işləyir və bu istiqamətdə böyük potensial mövcuddur.
Eyni zamanda, Pakistanın inkişaf etmiş əczaçılıq sektoru da diqqət çəkir. Burada istehsal olunan 90 adda məhsul Azərbaycanda artıq qeydiyyatdan keçib. Gələcəkdə bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması mümkün ola bilər. Bütün bunlar işgüzar əlaqələrin siyasi münasibətlər səviyyəsində inkişaf etdirilməsinə zəmin yaradır”.