Azərbaycan uğurlu tərəfdaşlıq nümünəsi sərgiləyir
Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə Azərbaycan-Çin, Azərbaycan-ABŞ münasibətlərinin, habelə dövlətimizin son illərdə ard-arda qazandığı uğurların dürüst ideoloji mövqedən, nəzəri dərinlik və praktik universallıqla analizi, dəyərləndirilmə gerçəkliyidir.
Bunu açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Çinlə qarşılıqlı əməkdaşlığa önəm verməsi iki ölkənin mənəvi-siyasi baxımdan yaxınlaşması üçün növbəti strateji addımlardan biridir. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə Bəyannaməyə toxunan deputat Prezidentin müsahibə zamanı bu fikirlərini xatırladıb: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.
Elnarə Akimova qeyd edib ki, bu gün Çin və Azərbaycanın qlobal ticarətə töhfə verəcək ən mühüm layihə olan Orta Dəhlizdəki fəaliyyət mühüm əhəmiyyət daşıyan faktlardan biridir. Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarətə maraqlı olanlar da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verirlər.
Deputat diqqətə çatdırıb ki, Prezidentin çıxışında COP29-un mühüm nailiyyətlərindən, 200 dövlətin Azərbaycana göstərdiyi etimaddan, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzdan bəhs etməsi yaxın tarixin qürurverici məqamı kimi qeyd olunmalıdır. Bundan əlavə, 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın 4 il uğurla sədrlik etməsini də ölkə rəhbəri, ilk növbədə, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətin beynəlxalq arenada dəstəklənməsinin zəmini kimi vurğuladı. Eləcə də Azərbaycanın ən mühüm nailiyyəti olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, həmçinin bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirməsi ölkəmiz üçün həm ədalətin bərpası, həm də Azərbaycanın haqq davasının layiqli şəkildə sonuclanması demək idi: “Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq”.
Müsahibədə başqa bir məqama da diqqət çəkən deputat qeyd edib ki, Prezident üç amilin üzərində dayanır və bu amilləri qələbəmizə gətirən yolun təməli, zəmini hesab edir: “İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı”. Bəli, sağlam, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası, sabit, dayanıqlı iqtisadiyyat və milli məfkurəyə xidmət edən milli ideyalar! O ideyalar ki, ötən illər ərzində xalqın içindəki milli ruhun, mücadiləçi əzmin əriyib yoxa çıxmasına imkan vermədi.
Prezidentin müsahibəsində ABŞ və Çin münasibətlərinin yeni məcrada davam etməsini stimullaşdıran bir dost münasibəti, dost rəftarı hakimdir. Bu, yalnız öz ölkəsinin deyil, yer üzündə yaşayan bütün insanların sakit və müharibələrsiz yaşayışını arzulayan və bunun üçün çalışan Azərbaycan liderinin baxış yönü, həyat tərzidir.
“Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq”, – bu ali arzu və niyyət ancaq humanist başlanğıcdan çıxış edən bir rəhbərin siyasətinin ana xətti ola bilər.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsində həm qlobal prioritetlərin formalaşmasında, həm də bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirdi. Azərbaycan daim qarşılıqlı hörmət və həmrəyliyə önəm verən ölkə olmaq məziyyəti ilə seçilib. Bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində bir daha təsdiqlədi. Bildirdi ki, Çinin irəli sürdüyü yeni əməkdaşlıq modeli – “Bir kəmər, bir yol” layihəsi ona yalnız Çinlə münasibətlərinin tarixi köklərinin yeni çağırışlar əsasında davamı üçün deyil, həm də Qlobal Cənubla Qlobal Şimalın birgəliyinin, konstruktiv iş birliyinin əməli varlığını görmək istədiyi üçün dəyərlidir. Yalnız belə münasibətlər sistemi bəşəriyyətin nicatı üçün vacib amildir: “Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”. Dövlətimizin başçısının bəyan etdiyi kimi, Qlobal Cənubla Qlobal Şimal arasında qurulan körpülər qlobal problemlərin həlli baxımından Çin və ona tərəfdaş ölkələrin bir araya gəlməsi, sülh və həmrəylik təşəbbüslərinin uca kürsüdən səsləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən platforma ola bilər.