Azərbaycan – “yaşıl artım ölkəsi”
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində davamlı işlər aparılır.
Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərin zəngin təbiətinə qarşı ekoloji terror törədən işğalçıların ərazilərdəki təbii yataqları vəhşicəsinə istismar edərək təbiət qoruqlarındakı nadir ağacları kökündən kəsib yandırması, çay və su hövzələrininin çirkləndirməsi nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub.
Füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik həmin ərazilərdə müasir meşəsalma nümunələri əsasında ekoloji tarazlığın bərpa edlməsi, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır. Təbiətin bəxş etdiyi gözəlliklər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca bu torpaqlarda olduqca cazibədar bir mənzərə yaranır.
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev “3 mart – Ümumdünya Təbiət günü” ilə bağlı açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur başda olmaqla respublikanın bütün regionlarında, o cümlədən paytaxt Bakıda yenidənqurma və abadlıq işlərinin aparılması, yaşıl mədəni mərkəzlərin salınması paytaxtın və bölgələrimizin estetik baxımdan gözəlliyini artırmaqla yanaşı, həm də ölkəmizdə ekoloji durumun müsbət istiqamətə balanslaşdırılmasında əhəmiyyətli rol oynayır.
2024 – cü ildə – “Yaşıl dünya naminə həmrəylik ili”ndə dövlət başçısının imzaladığı çoxsaylı sərəncamları xatırladan Cavanşir Feyziyev vurğulayıb ki, paytaxtda və regionlarda aparılan abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Onun sözlərinə görə, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədi ilə AMEA-nın Elmi Şurasının qərarı ilə yaradılan 90 yaşlı Mərkəzi Nəbatat Bağı Bakıda və regionlarda ekoloji sağlamlığın qorunması, təbiətin təmizliyinə dair maarifləndirmə, başqa ölkələrdən gətirilən bitkilərin becərilməsi və onların ətraf mühitə alışmasının mərhələli öyrənilməsini və bu kimi bioprosesləri özündə ehtiva edən elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Nəbatat bağında 2500-dən çox ağac, kol, ot bitkiləri və 150-yə yaxın nadir bitki növünün qorunduğunu xatırladan Cavanşir Feyziyev diqqətə çatdırıb ki, bu bağın əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək, onların təsərrüfat üçün qiymətli növlərini seçib müəyyənləşdirmək və inkişaf etdirməkdir.
Bu gün ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində təbiətə qulluqla yanaşı, eyni zamanda əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili üçün çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar əsaslı şəkildə yenidən qurulur. Bütün bunların sayəsində paytaxt tədricən yaşıl şəhərə çevrilir.
Deputat təəssüf hissi ilə vurğulayıb ki, çağdaş dönəmdə dünyanın ekoloji durumunun getdikcə çətin sınaqlarla üzləşdiyini müşahidə etməkdəyik. Baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlər bütün bəşəriyyəti narahat edən qlobal problemə çevrilib. Ona görə də təbiətin mühafizəsi ilə bağlı həyata keçirilən təşəbbüslər ekologiyanın sağlamlaşdırılması ilə yanaşı həm də insanların psixologiyasına xoş impulslar ötürmək, müsbət əhval-ruhiyyə yaratmaq baxımından müstəsna əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür təşəbbüslər cəmiyyəti daha böyük həmrəyliklə ekoloji problemlərin qarşısının alınmasına cəlb edir.
Dünyanın bir çox ölkələrində Nəbatat bağlarının yaradılması və inkişaf etdirilməsi ənənəsi mövcuddur. Məsələn, Nyu Yorkdakı 21 hektarlıq bağın əsası 1910-cu ildə qoyulub və hər il təxminən bir milyon insan buranı ziyarət edir. Bir sıra xüsusi bağların, bitki kolleksiyalarının, Steinhardt Konservatoriyasının, incəsənət qalereyasının daxil olduğu bağın digər bağlardan fərqi burada 12 min növ bitkinin, bonsai muzeyinin, istixana, albalı çiçəyi esplanadasının, yapon və qaya bağlarının olmasıdır.
Rio-de-Janeyronın 140 hektarlıq Nəbatat bağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. 6500 bitki növünün becərildiyi və bir çox əhəmiyyətli abidələrin yerləşdiyi bağ sanki bir oksigen dənizidir.
Turistlər arasında olduqca məşhur olan Nong Nooch Tropik Nəbatat bağı isə Tailandın Çonburi əyalətində Pattaya yaxınlığında yerləşir. Sahəsi 2,4 kvadrat kilometrdir. Kəpənək təpəsi, Orxideya bağı, fil ferması, fransız parkı, bonsai bağı bu heyrətamiz bağdakı maraqlı yerlərin hələ tam siyahısı deyil.
Fransanın Claude Monet bağı isə vaxtilə məşhur rəssam Oskar Klod Monenin şəxsi malikanəsi olub. Bağın yaradılmasında rəssam öz təxəyyülünün imkanlarından məharətlə istifadə edib.
Bunlar çoxsaylı Nəbatat bağlarından yalnız bir neçəsidir. Onların sırasında Azərbaycanın Mərkəzi Nəbatat bağının da olması qürurvericidir.
Azərbaycan Mərkəzi Nəbatat bağında ölkə florasına aid olan bitkilərlə bərabər, dünyanın müxtəlif yerlərindən – Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsindən və digər yerlərdən gətirilmiş qiymətli ağac, kol, çiçək və bitkilər becərilir. Payız gülü, dağ laləsi, nərgiz, sünbülçiçək, süsən və 400-ə qədər qızılgül növünün kolleksiyası və s. “məskən” saldığı bizim Nəbatat bağı dünyanın istənilən analoji yaşıl məkanı ilə yarışa bilər.
Son aylarda dövlət başçısının müvafiq sərəncamları və göstərişlərinə əsasən, xüsusilə işğaldan azad edilən ərazilərdə, eyni zamanda paytaxt Bakıda və bütün regionlarda həyata keçirilən müntəzəm və məhsuldar yaşıllaşdırma tədbirləri, ölkəmizin simasını dəyişməklə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı həm də respublikamızın “yaşıl dünya”ya qatdığı dəyərin töhfəsidir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.