Fərid Şahbazlı yazır: Azərbaycanın Antalya Diplomatik Forumunda iştirakı: Qlobal səviyyədə dialoq və strateji təşəbbüslərə töhfə
Qlobal güc nisbətlərinin dəyişdiyi, beynəlxalq münasibətlərin dərin transformasiyaya uğradığı və ənənəvi diplomatik mexanizmlərin effektivliyinin sual altına alındığı bir dönəmdə, regional və tematik diplomatik platformaların əhəmiyyəti daha da artır. Məhz bu kontekstdə, Antalya Diplomatik Forumu təkcə bir müzakirə mühiti kimi deyil, həm də alternativ diplomatik dinamikanın formalaşdığı, fərqli siyasi sistemlərin və geosiyasi maraqların kəsişməsində ortaq məxrəc axtarışının təşviq olunduğu strateji məkan kimi çıxış edir. Bu forum, təkcə qlobal aktorların deyil, həm də regional güclərin, inkişaf etməkdə olan ölkələrin və diplomatik təşəbbüskarların öz mövqelərini ifadə etməsi baxımından unikal funksiyanı yerinə yetirir.
Antalya Diplomatik Forumunun əhəmiyyəti onun yalnız yüksək səviyyəli iştirakçılarla zəngin olması və ya gündəmdəki beynəlxalq məsələlərin müzakirə edilməsi ilə məhdudlaşmır. Əksinə, bu forum daha çox sistemli yanaşmaların, institusional diplomatik davranışların və qeyri-formal diplomatiya alətlərinin sintez olunduğu, dövlətlərarası münasibətlərin dərinləşməsi və yeni əməkdaşlıq formatlarının formalaşması üçün münbit zəmin yaradan bir laboratoriyaya çevrilmişdir. Türkiyənin təşəbbüsü ilə ərsəyə gəlmiş bu platforma, eyni zamanda, Ankaranın regiondakı və qlobal miqyasdakı vasitəçilik ambisiyalarının təzahürü kimi də qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin builki forumda iştirakı və keçirdiyi mühüm görüşlər Azərbaycanın müasir beynəlxalq diplomatiyada oynadığı rolu daha aydın şəkildə nümayiş etdirdi. Ölkəmizin bu forumda iştirakı yalnız ölkənin geosiyasi mövqeyini möhkəmləndirməklə kifayətlənmir, həm də Azərbaycanı beynəlxalq ictimaiyyətin məsuliyyətli və etibarlı tərəfdaşı kimi təqdim edir.
Antalya Diplomatik Forumu çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər və verdiyi strateji mesajlar Azərbaycanın regional inteqrasiya və enerji təhlükəsizliyi məsələlərinə verdiyi töhfənin beynəlxalq miqyasda necə yüksək təqdirlə qarşılandığını növbəti dəfə ortaya qoydu. Eyni zamanda, bu forumda iştirak, Azərbaycan-Türkiyə münasibətlərinin ali səviyyədə koordinasiya olunmasının, diplomatik gündəliklərin üst-üstə düşməsinin və ortaq strateji baxışın təzahürü kimi də çıxış etdi.
Azərbaycanın bu forumdakı fəallığı, onun Cənubi Qafqaz regionunda sabitliyin və inkişafın əsas təşəbbüskarlarından biri kimi çıxış etdiyini bir daha sübuta yetirir. Forum çərçivəsində səsləndirilən fikirlər və aparılan diplomatik müzakirələr, Azərbaycanın həm regional, həm də qlobal enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin formalaşdırılması və multilateral diplomatik münasibətlər sistemindəki rolu baxımından nə qədər mühüm aktora çevrildiyini təsdiqlədi.
Beləliklə, Antalya Diplomatik Forumu təkcə illik diplomatik tədbir deyil, daha geniş mənada, müasir beynəlxalq münasibətlər sisteminin transformasiya dövründə yaranan boşluqları dolduran, yeni normativ çərçivələrin və diplomatik davranış modellərinin müzakirə olunduğu bir məkan rolunu oynayır. Azərbaycanın bu forumda iştirakı isə onun strateji baxımdan həm öz mövqeyini gücləndirmək, həm də bölgədə və onun hüdudlarından kənarda formalaşan diplomatik gündəliyə aktiv şəkildə təsir göstərmək istəyi ilə səciyyələnir. Bu, Azərbaycanın təkcə geosiyasi mövqeyi ilə deyil, həm də siyasi iradəsi və diplomatik çevikliyi ilə beynəlxalq sistemdə nüfuz qazanmaq yolunda mühüm addım atdığını göstərir.
Fərid Şahbazlı
Siyasi şərhçi