“Azercell” müştəriləri qarət edir

58

 

Mobil operator hər müştəridən gündəlik artıq dəqiqələr silir

Azərbaycanın mobil operator bazarında hegemonluq edən “Azercell”BM mobil operatoru abunəçilərə qarşı fırıldaqlarını davam etdirir. Azərbaycanda müştərilərinə ən baha mobil operator xidməti göstərən bu şirkət hər dəfə ayrı-ayrı üsullarla abunəçilərdən əlavə pul tutur. Əsassız olaraq abunəçinin balansından pul silmək, balansdakı qalıq məbləği azaltmaq, müştərinin xəbəri olmadan belə şirnikləndirici və gərəksiz kompaniyalara qoşulmaqla balansdan pul tutmaq və sair. Azərbaycanın hər yerində tutum bazası güclü olan “Azercell” bu fürsətdən sui-istifadə edir.

“Azercell”in növbəti fırıldağı isə daha biabırçıdır. Bu abunəçinin danışıq vaxtı baş verir. Mobil operator indi də bu üsula əl atıb. Belə ki, mobil operator abunəçilərinin danışığı vaxtı onun xərclədiyi vəsaiti düzgün hesablamır. Hər dəfə hər danışıqda şirkət abunəçidən 3,5, bəzi hallarda hətta 10 saniyə artıq tutur. Bu prosesə bəzi abunəçilər fikir verməsə də, əksər “Azercell” abunəçiləri bu fırıldağın şahidi olub. Məlum olub ki, “Azercell” bütün abunəçilərinə bu metodu tətbiq etməklə gəlirini artırır, müştərilərə qarşı soyğunçuluğa başlayıb.

Redaksiyamıza müraciət edən “Azercell” abunəçiləri də mobil operatorun bu cür toruna düşdüyünü deyir. Şikayətçilər bildirirlər ki, “Azercell” bu yolla onlardan əlavə dəqiqələr silir: “Bir neçə dəfə yoxlamışam. Saniyələri artıq çıxırlar. Məsələn, kiminləsə telefonda 2 dəqiqə, 2 dəqiqə 10 saniyə danışırsansa, sonda telefonun sayğacında bu rəqəm 2 dəqiqə 50 saniyə və ya 3 dəqiqə göstərilir. Bir neçə dəfə qol saatı ilə danışığımı ölçmüşəm və fakt təsdiqini tapıb. Hər danışanda 10 saniyə də olsa artıq çıxılır. Bu da təkcə bir abunəçiyə ən azından ayda 5-10 manat əlavə xərc deməkdir. 1 abunəçidən ayda 10 manat əlavə tutan “Azercell”in abunəçilərinin sayı 4 milyon 220 min nəfərdən çoxdur. Hər abunəçidən ayda 10 manat tutan “Azercell” bir ayda abunəçilərdən 42 milyon manatdan artıq vəsait mənimsəyir. Bu barədə heç kim tədbir görmür. Nəticədə “Azercell” abunəçiləri müflis olur”.

Redaksiyamıza müraciət edən digər şikayətçi də “Azercell”in bu cür fırıldağından gileylənir. Şikayətçinin dediyinə görə, “Azercell” ondan başqa yolla pul tutur. Belə ki, abunəçi telefonla danışığını bitirərkən ondan əlavə saniyələr tutulur. Bunun isə hansı səbəbə tutulduğu məlum deyil: “Mən telefonla danışıram və danışığı bitirmək üçün dərhal danışığı bitirən düyməni sıxıram. Amma, mən düyməni dərhal sıxsam da, “Azercell” danışığı 4-5 saniyə gec bitirir. Həmin vaxta qədər isə telefonun danışıq saniyələri hərəkətdə olur. Bu hal məndə dəfələrlə təkrarlanıb. Hər dəfə danışığı bitirən kimi danışığı bitirmək üçün düyməni sıxsam da, xeyiri olmur ki, olmur. “Azercell” hər dəfə bu halı mənim telefonumda təkrarlayır. Hər dəfə də 4-5 saniyə, 6 saniyə artıq çıxılır. Mən gün ərzində 50-60 nəfərlə əlaqə saxlayıram. Hər danışığımda 5 saniyə artıq tutulanda gün ərzində təqribən 6-7 dəqiqəlik danışığım əlavə tutulur. Bu da gün ərzində 60 qəpikdən hesablansa, ayda 18-20 manat edir. Bir ayda məndən 20 manat niyə tutulmalıdır? Hər abunəçidən 20 manat əlavə tutulsa, 4 milyondan artıq abunəçidən fırıldaq yolu ilə tutulan pulun məbləği fantastik rəqəm edir. Bu məbləği “Azercell” bir üsulla qazanır və abunəçiləri soyur”. Şikayətçi iddia edir ki, “Azercell”in bu fırıldaqçılığı ictimailəşdirilməli, aidiyyəti qurumlar məsələyə müdaxilə edib abunəçilərin qarət edilməsinin qarşısını almalıdır. Əks halda mobil operator bu cür halları təkrarlayacaq və abunəçilər müflis olacaq.

Məsələ ilə bağlı “Azercell” BM şirkəti ilə əlaqə saxlamağa cəhd etsək də mümkün olmadı. Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.

”Olaylar” İA