AzerTelecomun rəhbər heyətində yeni təyinatlar olub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətin rəhbərliyi səviyyəsində yeni təyinatları elan edir.

XALQ.AZ xəbər verir ki, 2017-cı ildən AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib.

Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən AzerTelecom-un baş icraçı direktorunun əməliyyatlar üzrə müavini xanım Ana Nakaşidze təyin olunub.

AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.