AzTV-nin gənc aparıcısı sədr müavini təyin olundu

Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

XALQ.AZ-ın məlumatına görə, Elsevər Dünyamalıyev AzTV sədrinin müavini vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Report”a məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev AzTV-də “Əsas məsələ” tok-şousunun aparıcısıdır.

 Xatırladaq ki, 2019-cu il yanvarın 15-dən tanınmış jurnalist Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin olunub. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiyalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb.