AzTV- Televiziya məkanımızın flaqmanı

 

 

Radio və Televiziya insanları təsirləndirir, onların təkmilləşməsinə, mənəviyyatca inkişafına kömək edir. Dünyaya gözünü açır, onları bütün dünya ilə birləşdirir.

 Ümummilli lider Heydər ƏLIYEV

 

 

Bu gün Azərbaycan dövləti qarşısında duran ən mühün məsələlərdən biri milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, milli mədəniyyətimizi, dilimizi, tariximizi beynəlxalq aləmdə geniş şəkildə, eyni zamanda, keyfiyyətlə təqdim etmək, azərbaycançılıq ideologiyasını dünyaya yaymaqla soydaşlarımız arasında həmrəyliyi daha da gücləndirməkdir. Bu məsələdə medianın müstəsna rolu hamıya məlumdur. Müşahidələrimə əsasən, tam əminliklə deyə bilərəm ki, sözügedən istiqamətdə Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) səmərəli fəaliyyəti son aylar ərzində daha çox diqqət çəkir.

Yeri gəlmişkən, müasir teleməkanda ən geniş yayım coğrafiyasına, müxbir məntəqəsinə və yaradıcı, texniki heyətə malik AzTV-nin hazırda uzaq ABŞ və Çindən tutmuş, Avropada, həmçinin Rusiya, Türkiyə, İran, Gürcüstan kimi region ölkələrində, eləcə də Yaxın Şərq və Orta Asiya dövlətlərində müxbir məntəqələri səmərəli fəaliyyət göstərir.

 

Xatırladınm ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin AzTV-də kadr dəyişikliyi həyata keçirməsi bu telekanalda islahatların reallaşdırılmasına, nəticədə müsbət keyfiyyət dəyişikliyinə gətirib çıxarıb. Burada artıq yeni layihələrə start verilib, cəmiyyətdə sayılıb- seçilən ziyalıların ayrı-ayrı verilişlərdə iştirakı təmin olunub.    Eyni zamanda, studiyalar yenilənib, verilişlərin son texnoloji vasitələrlə vizual qaydada dünyaya nümayişinə xüsusi diqqət yetirilib, televiziya filmləri və tamaşalarının illik planı təsdiqlənib. İnformasiyaların tamaşaçılara doğru-düzgün çatdırılması, talk-şouların sayının artırılması ilə bağlı müsbət nəticələr əldə edilib.

Qısa müddət ərzində maddi-texnika bazasının gücləndirilməsi AzTV-nin yaradıcılıq imkanlarının genişlənməsinə zəmin yaradıb. Televiziyanın gündəlik fəaliyyətinin yüksək səviyyədə qurulması yeni dövrün tələblərinə uyğun verilişlərin hazırlanmasını, peşəkar kadrların işə cəlb olunmasını, dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasını şərtləndirib.

“Həftə”, “Günün nəbzi”, “Bizim planet”, “Əsas məsələ”, “Nəsillərin debatı”, “Səhər” proqramları tamaşaçının tələblərinə uyğun şəkildə daha keyfiyyətlə hazırlanmasına nail olunub.

Peşəkar televiziya kadrlarının kanala cəlb olunmaları verilişlərin məzmun və formatında özünü biruzə verib, tamaşaçıların bədii zövqünün formalaşmasına mühüm təsir göstərib.

Mən burada  “Xəbərlər” proqramı barədə bir qədər ətraflı danışmaq istərdim. Qeyd edim ki, “Xəbərlər” studiyasının yenilənməsi, təqdimat formatının tamamilə müasirləşdirilməsi, sərbəstlik, yeni rənglilik, “Xüsusi reportaj” layihəsi audutoriyada geniş marağa səbəb olub.

“Xəbərlər”in çəkiliş qrupunun yayıma çıxmaq üçün texniki avadanlıqla təminatı, informasiya proqramları studiyasının tam olaraq rəqəmsal və “lentsiz texnologiya”ya keçidi, qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının tətbiqi tamaşaçı auditoriyasını genişləndirib.

“Rakurs”, “Planet” kimi proqramların yeni studiyalarda təqdim edilməsi də diqqət çəkir.   “Nəsillərin debatı” və digər bir sıra yeni verilişlərin müasir formatda təqdimatı, qonaqların müxtəlifliyi tamaşaçılarda böyük razılıq doğurur.

 

Ən diqqət çəkəni isə odur ki, quruma rəhbərlik etməsinə baxmayaraq həftənin yekun siyasi-ictimai icmalını Rövşən Məmmədov hər bazar efirə gedən “Həftə” proqramında maraqlı təqdimatını davam etdirir.Bu dövlət televizyasında bir ilkdir.

 

Bir mühüm məsələyə də toxunmağı zəruri bilirəm.   Hər zaman Azərbaycan dilinin zənginliyinin, saflığının qorunmasına mühüm töhfə verən AzTV-də hazırda bu məsələyə daha çox diqqət yetirilir, bununla bağlı dilçi alimlərin təcrübəsindən daha geniş şəkildə yararlanılır. Dilimizin təbliği ilə bağlı yayımlanan proqramlar məhz bunun bariz ifadəsidir.

Digər yeniliklər də var: televiziya kollektivi gəncləşdirilir, xarici ölkələrdən canlı bağlantılar yaradılır, ictimai-siyasi proqramların sayı artırılır. Tamaşaçı auditoriyasının genişlənməsi, operativliin artırılması məqsədilə yeni dizaynda hazırlanan verilişlər sosial şəbəkələrdə də yayımlanır.

Bu gün AzTV respublikamızın daxili və xarici siyasətinin geniş təbliğində, erməni işğalının dünyaya çatdırılmasında da mühüm rol oynayır, milli şüurun, milli idrakın formalaşmasına böyük təsir göstərir.

 

Hazırda televiziya məkanımızda flaqman olaraq diqqət çəkən AzTV ilə yayımlanan verilişlər gənc nəslin estetik mədəniyyətinin inkişafına əvəzsiz töhfələr verir, onlarda cəmiyyətimizin vətənə məhəbbət və sədaqətlilik, insansevərlik kimi ideya-mənəvi və estetik dəyərlər anlamını formalaşdırır.

Bu gün AzTV-ni izləyənlər mənimlə razılaşarlar ki, bu kanalda son bir neçə ay ərzində verilişlərin mövzu dairəsi xeyli genişlənib, onların quruluş tərkibi, ssenari, dekorasiya, operator işi, aparıcı, musiqi tərtibatı, geyim tərzi, nitq müşayiəti, işiqlanma və s. tələblərə diqqət artırılıb.

Yüksək əxlaqi keyfiyyətləri, estetik mədəniyyəti özündə ehtiva etməyə çalışan AzTV-də mədəniyyət və incəsənətimizə yad, bayağı, ucuz nümunələrin nümayişinə yol verilmir. “Mədəniyyət” kanalında  istər verilişlər, istərsə də xəbərlərin təqdimatında baş verən yeniliklər tamaşaçı tərəfindən razılıqla qarşılanır.

Bədii-estetik cəhətdən AzTV-nin əvvəlki ənənəsinin qaytarılması, xüsusilə keçmiş tanınmış diktorların dəvət olunaraq onlarla görüş keçirilməsi, fikir mübadiləsi aparılması bu kanalın fəaliyyətinin gələcəyi ilə bağlı böyük ümid doğurur.

На данном изображении может находиться: Zaur Mirza-zade, улыбается, костюм

 

İnanıram ki, AzTV bundan sonra da Azərbaycanın siyasi, sosial-iqtisadi uğurlarının təbliğatçısı olaraq fəaliyyətini yüksək səviyyədə həyata keçirəcək, milli maraqlarımızın və dövlətçiliyimizin qorunmasında müstəsna rol oyanayacaq, xalqımıza layiqli xidmət missiyasını şərəflə davam etdirəcəkdir.

Zaur MİRZƏ-ZADƏ

//XALQ.AZ