Bərdədə müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Kürdəmirdə Bərdədə pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirib.

XALQ.AZ xəbər verir ki, Bərdə rayon icra hakimiyyətinin akt zalında təşkil olunan müşavirəni icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov açaraq çiyid səpini ərəfəsində mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin əhəmiyyətindən danışıb, cari ildə hər hektardan istehsalın 20 sentnerə çatdırılması üçün görüləcək konkret işləri diqqətə çatdırıb. Bildirib ki, bu il rayonda 5030 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Sahələr su təminatı olan münbit torpaqlardır. Əkin üçün 60 traktor, 40 səpin aqreqatı hazırlanıb. Kampaniyanın 15 iş günündə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı – hədəflər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu və təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quluyev “Pestisidlərlə təminatın vəziyyəti” mövzularında çıxış ediblər. Çıxışlarda mütəxəssislər tərəfindən fermerlərə pambıqçılıqla bağlı torpağın səpinə hazırlanması, əkin, becərmə, alaq otlarına, zərərvericilərə qarşı mübarizə və sair barədə geniş izahat və məsləhətlər verilib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi günün ikinci yarısında Ağsu rayonunda da çiyid səpini ərəfəsində eyni mövzuda müşavirə keçirib. Müşavirədə pambıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən, rayonda iqtisadiyyatın bu gəlirli sahəsinin perspektivlərindən, məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar görüləsi işlərdən danışılıb, mütəxəssislərin məsləhətləri dinlənilib.

 

 

Elgün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.