Bərdədə şura iclası keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin keçirdiyi şura iclasında mədəni-kütləvi tədbirlərin təşkili, uşaq musiqi və incəsənət məktəblərinin 2018-2019-cu tədris ilinə hazırlığı, muzey şəbəkəsinin inkişafı, kitabxanalarda oxuculara xidmət, klub müəssisələrində optimallaşdırma və təkimilləşmə işi kimi məsələlər müzakirə olunub.

XALQ.AZ xəbər verir ki, Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev yığıncaqda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən dahi şəxsiyyətlərin, milli qəhrəmanların, görkəmli mədəniyyət xadimlərinin yubileylərinin, yaradıcılıq gecələrinin mədəniyyət müəssisələrində geniş şəkildə təşkil olunmasından, keçirilən mədəni-kütləvi tədbirlərdən söz açıb. Sonra Regional İdarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin 2018-2019-cu tədris ilinə hazırlığından, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülmüş işlərdən danışılıb. Bildirilib ki, məktəblərdə təlim-tədris prosesinə diqqətin artırılmalı, məktəblərin müsabiqə və festivallarda ən yüksək səviyyədə iştirakı təmin edilməlidir. Diqqətə çatdırılıb ki, məktəblərin fəaliyyətinə tədris ili ərzində nəzarət olunacaq və səmərəli fəaliyyətinə görə müəllimlər regional idarə tərəfindən qiymətləndiriləcək.

Yığıncaqda regional idarənin tabeliyində olan muzey şəbəkəsinin inkişafı, muzeylərin fondlarının zənginləşdirilməsi barədə də bəhs edilib. Dünya təcrübəsi nəzərə alınaraq muzeylərdə fəaliyyət istiqamətinin genişləndirilməsindən, fondlara yeni eksponatların əlavə olunmasından və digər muzeylərlə qarşılıqlı əlaqələrin qurulmasından danışılıb.

Kitabxanalarda oxuculara xidmət işinin təşkilinə toxunan İlyas Hacıyev bu sahədə xeyli inkişafın olduğunu bildirib. Qeyd edib ki, kitabxanalarda “Book cafe”lərin təşkili oxucuları kitabxanalara daha da cəlb edib və bu təcrübə regional idarə tərəfindən mütəmadi olaraq genişləndirilməkdədir.

Şura iclasında klub müəssisələrində optimallaşdırma və təkmilləşmə işi də müzakirə edilib. Vurğulanıb ki, klub müəssisələri əhalinin mədəni istirahətini yüksək şəkildə təşkil etməlidir. Bu baxımdan yeniliklərin tətbiqi qarşıya qoyulan ən vacib məsələlərdəndir.

Yığıncaqda Regional idarənin Mingəçevir, Yevlax, Tərtər, Bərdə şəhər və rayonları üzrə nümayəndələrinin hesabat məruzələri dinlənilib. Məruzələrdə cari ilin yanvar-avqust ayları ərzində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən və bəzi çatışmazlıqlardan söz açılıb. Mədəniyyət müəssisələrinin səmərəli fəaliyyəti istiqamətində təkliflər dinlənilib, qarşıya qoyulan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Yığıncaqda müsabiqə və festivallarda yüksək nəticələr əldə edən bir qrup şagird və müəllimə regional idarə tərəfindən hədiyyələr təqdim olunub.

 

 

Orxan