Bəziləri Facebookda boş-boş paylaşımlar edir

Ölkəmizi, musiqimizi, mədəniyyətimizi tanıtmağa bizə kömək etsinlər.

“Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Azərbaycan İnciləri” layihəsinin rəhbəri Nicat Müslümovdur.

– Özünüzü təqdim edin.

– Adım Nicat, soyadım Müslümovdur. 1988-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. 2006-cı ildə Azərbaycan Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuşam. Elə həmin ali təhsil ocağının da məzunuyam.

– “Azərbaycan İnciləri” layihəsi haqqında məlumat verə bilərsinizmi?

– “Azərbaycan İnciləri” artıq 3 ilə yaxın müddətdir fəaliyyət göstərir. Bu layihə mənim təşəbbüsüm ilə yaradılıb və məqsədimiz sosial şəbəkələrdə xalq mahnılarımızı, musiqilərimizi təbliğ etməkdir. Eyni zamanda yazarlarımızın, mərhum xalq artistlərimizin həyat və yaradıcılıqları haqqında da gənclərə məlumat veririk. Biz bu 3 il müddətində dəfələrlə ali və orta məktəblərdə muğam gecələri təşkil etmişik.

– Musiqi təhsili olmayan bir şəxs üçün bunları təşkil etmək çətin olmadı ki?

– Xeyr. Mən özüm uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Bir çox musiqi alətində ifa etməyi bacarıram. Bunlara qarmon, fortepiano, nağara alətlərini misal çəkə bilərəm. Musiqi duyumu insanda uşaqlıqdan olmalıdır. Uzun illərdir ictimai fəaliyyətlə məşğulam, son 3 il isə “Azərbaycan İnciləri” layihəsi üzərində işləyirik. Azərbaycan mədəniyyəti çox gözəl və zəngindir. Dövrümüz internet dövrüdür. “Azərbaycan İnciləri” komandasının Facebookda 10 min izləyicisi olan səhifəmiz var. Səhifədə həmvətənlərimizlə yanaşı xarici vətəndaşlar da var. Xaricdə oxuyan tələbələrimizdən xahiş etmişik ki, bizim layihə haqqında ətrafındakı dostlarına məlumat versin. Onlar da Azərbaycan mədəniyyətini izləsinlər.

– Bir çox şəxs layihəni qazanmaq üçün hazırlayır. Bəs siz gəlir əldə edirsinizmi?

– Düzü, biz bunu gəlir əldə etmək məqsədi ilə etmirik. Özüm dövlət müəssisələrinin birində çalışıram. Komandamızda bir çox dostlarımız da işləyir. Aramızda işləməyən gənclər də var. Amma komandamız könüllülük prinsipi ilə fəaliyyət göstərir.

– “Azərbaycan İncilərini” yaratmaq istəyəndə ətrafdakılardan hansı reaksiyaları aldınız?

– Bu layihəni yaratmaq istədiyimi deyəndə bir çox insan “nəyinə lazımdır?” deyirdi. Deyirdilər ki, əgər vaxtın varsa, gəlirli sahələrlə məşğul ol. Demək olar ki, mənə dəstək olan olmadı. Dəstək olmaq deyəndə mən kimdənsə maddi nəsə gözləmirdim, ən azından Facebook profillərində bizim səhifəni bəyənmək üçün dostlarını dəvət edə bilərdilər. Bəzi gənclər bizə kömək olmaq istədilər, 2-3 gün sonra getdilər ki, burda pul yoxdur. İndi baxıram, həmin şəxslər demək olar 24 saat Facebookda aktiv olurlar, boş-boş paylaşımlar edirlər. Bunu etməkdənsə, bizə kömək edib, xalq musiqimizi, məşhur şəxslərimizi tanıtmaqla məşğul olmaq məncə daha yaxşı olardı. Düzdür, indi komandamızda bacarıqlı və həvəsli gənclər var. Səbinə, Rəqsanə, Rita, Tural, Gülər, Gülnar və bir çox gənclər bizim səhifələrimizi idarə edirlər. Həm də xanəndə kimi konsertlərimizdə iştirak edirlər.

– Komandanızdan razısınızmı?

– Bəli. Komandamızın hər bir üzvü dövlətimizin siyasətini dəstəkləyir. Azərbaycan muğamına, mədəniyyətinə dövlətimiz tərəfindən çox böyük qayğı var. Cənab İlham Əliyev və birinci vitse prezidentimiz Mehriban Əliyevanın mədəniyyətimizə olan qayğısı hər kəsə məlumdur.

– Yaxın müddətdə hansı planlarınız var?

– Qarşıda planlarımız çoxdur. Amma bunları gerçəkləşdirmək üçün bir az zamana ehtiyac var. Yeni işlərimiz olanda media nümayəndələri sağ olsun ki, işıqlandırmağımıza kömək olurlar.

– Gənclərə nə demək istəyərdiniz?

– Gənclərə demək istəyirəm ki, bizim komandamıza qoşulsunlar. Ölkəmizi, musiqimizi, mədəniyyətimizi tanıtmağa bizə kömək etsinlər. Tez-tez konsertlər veririk, gəlsinlər, dəstək olsunlar.

image description

image description

image description

image description

image description

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.