Bəhram Bağırzadənin vəziyyəti ağırdır

“Bəhram Bağırzadənin 48 saatdan çoxdur ki, ECMO aparatı vasitəsilə həyatı uğrunda mübarizə aparılır. Hazırda gedən dinamikada mənfi bir hal yoxdur. Labarator analizlərdə az da olsa, kiçik müsbət dəyişikliklər var”.

XALQ.AZ xəbər verir ki, bu sözləri həkim Rəşad Mahmudov “Elgizlə izlə” proqramında deyib. O, hazırda koronavirus infeksiyasından əziyyət çəkən Əməkdar artist Bəhram Bağırzadənin səhhətindən danışıb. Həkim bildirib ki, aktyora ağciyər köçürülməsi planı hələ yoxdur:

“Bu, bizim həkimlərimizinin Bəhramla birlikdə uğur qazanmağımızın yoludur. Dünya tibbinin reallıqlarını nəzərə alsaq, belə zədələnmiş ağciyərin müalicəsinin qısa müddətdə müsbət cavab alması mümkünsüzdür. Bizim işimiz digər orqanların qorunması və ağciyəri əvvəlki halına qaytarmaqdır. Müalicə uzun müddət davam edəcək.

Var olan bu vəziyyətdə ağciyər transplantasiyası olmaz. Təkcə bizdə yox, dünyada bu cür xəstələrə ağciyər transplantasiya edilməsindən söz gedə bilməz. Bütün dərmanlar, lazım olan avadanlıqlar əlimizin altında var. Tək Bəhram Bağırzadə yox, bütün xəstələr üçün bu diqqət göstərilir. Bu mövzuya həssas yanaşılmasını tələb edirik.

Hər kəsdən rəsmi qurumların və şəxslərin verdiyi məlumatlardan əlavə bir xəbər yaymamaqları xahiş olunur”.