Bəhram Bağırzadəyə süni tənəffüs aparatı qoşuldu

COVİD19 ilə mübarizədə EKMO cihazının faydasını gördük.

Bildiyiniz kimi, Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, EKMO cihazına bağlı olaraq davam etdirilirdi. EKMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində EKMO cihazından ayırma qərarı verilmişdir. Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov XALQ.AZ-a bildirib ki, hazırda süni tənəffüs aparatı vasitəsiylə özünün agciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır. Eləcədə ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyr edilən müsbətə doğru dəyişikliklər bizi sevindirir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsiylə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər.

İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqtəyi nəzərdən ehtiyyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksiyonist, pulmunoloq və digər aidiyyatı ekspertlərin rəyləri ümid vericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcəkdir.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.


Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər tərəfindən onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir.