Bərdədə 2 məktəb istifadəyə verilib

XALQ.AZ xəbər verir ki, Sentyabrın 15-də Bərdə rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi. Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının məsul nümayəndələri rayonun “Bilik günü” tədbirlərində iştirak etmişlər.
             Rayonun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması və “Bilik günü” tədbirləri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Bilik günündə Qaratəpə kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik, Hacılar kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik “Modul tipli” yeni məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verildi.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mərasimləri açaraq müəllimləri və məktəbliləri, bütün rayon ziyalılarını yeni dərs ilinin başlanması və “Bilik günü”, həmçinin yeni tikilmiş  Qaratəpə və Hacılar kənd ümumi orta məktəb binalarının açılışı münasibətilə təbrik edib, ölkədə təhsilə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən danışdı. Bildirdi ki,  respublikanın hər yerində olduğu kimi, Bərdə rayonunda da yeni məktəb binalarının tikintisi, mövcud məktəblərin əsaslı təmiri diqqət mərkəzindədir. Hazırda ABŞ-ın Ordu korpusu tərəfindən Güloğlular kənd  ümumi orta məktəb üçün 220 şagird yerlik məktəb binasının tikintisi başa çatmışdır. Tezliklə bu təhsil ocaqları da istifadəyə veriləcək.
Açılışda hər iki kənd məktəbinin müəllim, şagirdlərinin və ictimaiyyətin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Məktəb şagirdləri kompozisiya ilə çıxış etdilər.
Sonra tədbir iştirakçıları məktəblərdə yaradılmış şəraitlə tanış oldular. Yeni məktəb binalarında fənn kabinələri, sinif otaqları,  kitabxana, xidməti otaqlar, istilik sistemi yaradılıb, təhsil ocaqları lazımi inventar və avadanlıqla təmin olunub.
Orxan