“Bəzən bələdiyyə sədrləri səlahiyyətlərini aşırlar”

“Bu gün bələdiyyələrlə bağlı ən çox narahat edən məsələ torpaq sahələrinin real qiymətdən daha aşağı satılmasıdır”. 

XALQ.AZ-ın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)” müzakirəsi zamanı millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, bələdiyyələrdə iclasların keçirilməsi ilə bağlı da problem var: “Bir çox halda bələdiyyə sədrləri səlahiyyətlərini aşaraq, iclas keçirmədən özü qərarlar qəbul edir. Bu gün bələdiyyələrin sosial sığorta ödənişlərinin xeyli borcu olması da ciddi problemdir. Ən azı qardaş Türkiyə dövlətinin praktikası nümunə götürülməlidir”.

Deputat vurğulayıb ki, Türkiyədə bələdiyyələr yetərincə ciddi addımlar ata biləcək instituta çevrilib: “Bizdə də Türkiyə təcrübəsindən yararlanmaq olduqca yerində atılmış addım olar. Hesab edirəm ki, Azərbaycan bələdiyyəsi 20 il ərzində xeyli iş görüb, amma bu işlər davam etdirilməlidir”.