Bahar Muradova kollektivə təqdim edildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri Bаhar Muradova kollektivə təqdim edilib.

Bu barədə XALQ.AZ-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, B.Muradovanı Dövlət Komitəsinin işçilərinə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

F.Əliyeva B.Muradovanın keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verərək bildirib ki, Bahar Muradovanın həyatının böyük bir hissəsi dövlət siyasətinin həyata keçirilməsində iştirak edərək mühüm töhfələrini verməsi ilə bağlı olub.

F.Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayaraq, ailə və gender məsələləri ilə bağlı kifayət qədər qanunların qəbul edildiyini və bu prosesdə həm Komitənin, həm də Milli Məclisin çox böyük rolu olduğunu qeyd edib.

Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, Prezidentə göstərilən etimada görə öz təşəkkürünü bildirib.

B.Muradova çıxışında gender bərabərliyi, ailə məsələləri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələri qeyd edərək, cəmiyyəti və dövləti narahat edən uşaq nikahları, selektiv abortlar, məişət zorakılığı və məcburi nikah halları, uşaqların zərərli informasiyalardan qorunması kimi məsələlərə toxunub.

Cəmiyyətdə bu proseslərin qarşısının alınması istiqamətində səylərin daha da gücləndirilməsini, konkret proqram və layihələrin işlənilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Komitənin bundan sonrakı fəaliyyətində beynəlxalq təşkilatlarla, parlamentlərarası qruplarla, dövlət və QHT-lərlə, vətəndaşlarla, ailələrlə iş, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində koordinasiyanı gücləndirərək könüllü şəbəkəsinin yaradılmasının vacibliyi bildirib.

Qeyd edək ki, B.Muradova martın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Xatırladaq ki, B.Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

B.Muradova 2000-2019-cu illərdə ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.