“Qadınlar ölkəmizin inkişafında xüsusi rol oynayırlar”

Bakıda Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfransın açılış mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Qazaxıstan, Qırğızıstan və Türkiyə milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edir.
XALQ.AZ xəbər verir ki, konfrans çərçivəsində qadınların fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılması, problemlərin birgə müzakirəsi və s. digər məsələlər müzakirə olunacaq.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin vitse-spikeri Bahar Muradova konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu tədbir qarşıda duran məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılması, təcrübələrin bölüşməsi, ölkələrimiz arasında dostluğun və qardaşlığın möhkəmləndirilməsinə xidmət edən qərarların qəbul edilməsi üçün zəruridir.
B.Muradova vurğulayıb ki, buradakı müzakirələr həm beynəlxalq məsələləri, həm də regionda qarşımızda duran problemləri əhatə edir.
Deputat xatırladıb ki, Azərbaycan qanunvericiliyində gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı müddəalar yer alıb: “Hesab edirəm ki, Azərbaycanda bununla bağlı nəticələr ürəkaçandır. Qadınlar ölkəmizin inkişafında xüsusi rol oynayırlar”.

Yeganə