Bakı -Beynəlxalq yarışlar şəhəri

Bu gün Azərbaycanda növbəti dəfə beynəlxalq əhəmiyyətli idman yarışı  keçiriləcək. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləck final matçında Londonun “Arsenal” və “Çelsi” klubları mübarizə aparacaq.

 

Məlumdur ki, ölkəmizdə XXI əsrin ilk illərindən etibarən bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilir.  

Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarından ilki 2003-cü ildəki yeniyetmə cüdoçuların Avropa çempionatıidi. Çempionat Bakıda, Heydər Əliyev adına İdman – Konsert Kompleksində keçirilib və yarışda qitənin 30 ölkəsindən 300-dək cüdoçu iştirak edib.

 

Bir il sonra, 2004-cü ildə isə bədii gimnastika üzrə dünya kuboku ölkəmizdə baş tutdu. Yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edirdi. Bundan sonra 2004-cü ildə irimiqyaslı turnirlərdən biri olan Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri paytaxtımıza gətirildi. Bakı İdman Sarayında keçirilən turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparırdı.

Bakı növbəti illərdə də ard-arda çempionatsız qalmadı. 2005-ci ildə ölkədə bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirildi. 2006-cı ildəki hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən növbəti beynəlxalq əhəmiyyətli turnir kimi tarixə düşdü. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında  eyni məkanda baş tutdu. Bu çempionatda 102 ölkədən 2500-dən çox idmançı iştirak edib.

 

Həmin il daha bir çempionat paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Qitə çempionatı Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış hesab olunur. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstandan olan 100-dən çox idmançı iştirak etmişdi.

İki illik fasilədən sonra 2009-cu ildə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilib. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edib. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da baş tutdu. Həmin yarışda Azərbaycan millisi də daxil olmaqla, ümumilikdə 25 ölkədən olan 120-dən çox idmançı baş mükafat uğrunda mübarizə aparıb.

2010-cu ildə ölkəmizdə daha fərqli bir idman növü üzrə yarış keçirilib. Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı Heydər Əliyev adına İdman-Konsert Kompleksində oldu. Yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak edib. Bu il ərzində paytaxtımız həm də bodibildinq üzrə 64-cü dünya çempionatına ev sahibliyi etdi.

 

Gənclər arasında boks üzrə dünya çempionatı da 2010-cu ildə Bakıya gətirildi. Bakı Sərhədçi Olimpiya İdman Mərkəzindəki çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Yarışda sərbəst, yunan-roma və qadın güləşi üzrə idmançılar mübarizə aparıb. Yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı iştirak edib.

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq idman yarışlarının siyahısı davam edir. Cüdo üzrə “World Masters” beynəlxalq turniri 2011-ci ildə Bakıda keçirildi. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Həmin il ərzində baş tutan lisenziya xarakterli yarışlardan biri də Cüdo üzrə Dünya Kuboku olub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Bu çempionat həm də 2012-ci il London olimpiadasına lisenziya xarakteri daşıyıb.

 

2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatına ev sahibliyi etdik. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr – 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk “FİFA” tədbiri və Avrasiyada baş tutan ilk “U-17” qadınlararası dünya çempionatı olub.

 

Beynəlxalq idman yarışlarının ölkəmizə gətirilməsi baxımından 2012-ci il ən məsuldar illərdən biri hesab olunur. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də “GT3 və klassik Formula 1” yarışı olub. oktyabrın 26-28-də paytaxtda ilk dəfə keçirilən yarışların “City Challenge” Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanıb.

 

Nəhayət, Azərbaycanı dünyada tanıdan, uzun müddət müzakirələri səngiməyən ən əhəmiyyətli beynəlxalq yarışlardan biri 2015-ci ildə ev sahibliyi etdiyimiz Avropa Oyunları idi. Bu tarixdə ilk dəfə keçirilən idman yarışıdır və Avropanın 50 ölkəsinin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb.

17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı isə Rusiya Federasiyasının idmançıları tutub.

 

Bundan sonra Azərbaycan 2016-cı ildə Bakı şəhərində yeni “Formula 1® Grand-prix” tədbirini keçirmək barədə müqaviləni imzalayaraq, bu böyük idman tədbirinə ev sahibliyini də üzərinə götürdü. 2023-cü ilə qədər hər il “Formula 1” yarışlarının ölkəmizdə keçirilməsi nəzərdə tutulub.

 

2017-ci ildə daha bir böyük turniri paytaxtımızda izlədik. İslam Həmrəyliyi Oyunları çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdi.

Bu gün isə paytaxtımızda UEFA Avropa Liqasının final oyununun həyacanı yaşanır. Azərbaycan növbəti əhəmiyyətli beynəlxalq yarışa ev sahibliyi etməklə idman sahəsində önəmli ölkələrdən olduğunu təsdiq edə bildi.