Bakı metrosuna müasir tipli vaqonlar gətirildi

Bakı Metropoliteni üçün istehsal edilmiş yeni 10 vaqon artıq Bakıdadır.  

“Bakı Metropoliteni” QSC-dən XALQ.AZ-a verilən  məlumata görə,  Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, vaqonlar Nərimanov elektrik deposuna gətirilib.

Bundan başqa, metropoliten üçün daha 20 vaqon istehsal ediləcək. Həmin şirkətin  tərkibinə daxil olan “Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir – 4-cü nəslə aiddir.

Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb- bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. İstehsal zamanı, sifarişçi kimi, “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.