Bakı metrosunda yeni qatarlar

Rusiyanın “Metrovaqonmaş” ASC-nin Bakı Metropoliteni üçün istehsal etdiyi 10 vaqondan ibarət iki qatar tərkibi bu gün xəttə buraxılıb.

XALQ.AZ  xəbər verir ki, texnoloji innovasiyalar baxımından ən müasir – 4-cü nəslə mənsub 81-765.B/766.B modelli vaqonların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovatdır.

Yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlükləri sırasında qapıların daha enli olması, açılıb-bağlanması işıqlı xəbərdarlıq indikatorları ilə təchiz edilməsini göstərmək olar. Qatarlarda vaqonlararası birbaşa keçidin olması vaqonun konstruksiya tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, yerləşmə sahəsini genişləndirməklə daşımanın rahatlığını və təhlükəsizliyini təmin edir.

Ümumən, qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur.

Həmçinin xüsusi konstruksiyalı səsboğucular qoyulmuş təkərlər qatarların daha səssiz və rəvan hərəkətini təmin edir.

Vaqonlarda sərnişinlərin elektron qurğularının doldurulması üçün USB yuvacıqlar da var. Baş vaqonlar əlil arabaları üçün yerlərlə təmin edilib

İstismar müddəti 30 il olan vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var.

Qeyd edək ki, “Transmaşholdinq” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, 2019-cu il ərzində Bakı metropoliteninə daha 20 vaqon gətiriləcək.

 

Orxan